Qəzzada minlərlə yaralı üçün reabilitasiya böhranı
Qəzzada müharibə nəticəsində ətraf itkisi hallarının sayı 5 minə, nevroloji və onurğa beyni zədələnmələrinin sayı isə 300-ə çatıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi Dünya Fizioterapevtlər Günü ilə bağlı açıqlamasında Qəzzadakı vəziyyət barədə məlumat yayıb.
Nazirlik bildirib ki, Qəzzada fizioterapiya və tibbi reabilitasiya xidmətləri artıq yalnız tamamlayıcı müalicə deyil, həyati əhəmiyyət daşıyan tibbi xidmətə çevrilib. Bu xidmətlər minlərlə yaralı və xəstədə qalıcı əlilliyin qarşısının alınması üçün əsas müdafiə mexanizmlərindən biri kimi qiymətləndirilir.
Açıqlamada qeyd olunub ki, münaqişə xüsusilə ikitərəfli ətraf itkisi və mürəkkəb ətrafların xilas edilməsi halları da daxil olmaqla, yaralanmaların sayında kəskin artıma səbəb olub.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, intensiv və uzunmüddətli reabilitasiyaya ehtiyacı olan təxminən 10 min xəstə var.
Nazirlik İsrailin hücumları nəticəsində səhiyyə müəssisələrinin birbaşa hədəfə alınmasının ixtisaslaşmış reabilitasiya mərkəzlərinin əksəriyyətinin fəaliyyətini dayandırmasına səbəb olduğunu bildirib.
Açıqlamada Qəzzada minlərlə xəstə və yaralının ciddi sağlamlıq problemləri ilə üzləşdiyi, tibbi ləvazimatlar və protezlərin çatışmazlığının vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilib. Xəstələrin müalicə məqsədilə bölgədən çıxış imkanlarının məhdudlaşdırılması da əsas problemlər sırasında göstərilib.
Türkiyə Səhiyyə Nazirliyi beynəlxalq təşkilatlara və BMT nümayəndə heyətlərinə fizioterapiya və reabilitasiya üçün zəruri tibbi ləvazimat və avadanlıqların təmin olunması məqsədilə təcili koordinasiya və müdaxilə çağırışı edib.
Nazirlik ağır vəziyyətdə olan və daha inkişaf etmiş tibb mərkəzlərində müalicəyə ehtiyacı olan xəstələrin səfərinin asanlaşdırılması üçün sərhəd-keçid məntəqələrinin açılmasının vacibliyini vurğulayıb.
Həmçinin Qəzzada ağır şəraitə baxmayaraq fəaliyyətini davam etdirən fizioterapevt və tibbi reabilitasiya əməkdaşlarının işi yüksək qiymətləndirilib. Nazirlik onların ehtiyaclarının qarşılanmasını və fəaliyyətlərinin davam etdirilməsinə dəstək göstərilməsini mənəvi və humanitar öhdəlik kimi dəyərləndirib.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşmasının ilk mərhələsi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Girovların dəyişdirilməsi və humanitar yardımın artırılmasını nəzərdə tutan razılaşmaya baxmayaraq, İsrailin hücumları və yardımın bölgəyə girişinə tətbiq olunan məhdudiyyətlər davam edir.
20:34 08.09.2026
Oxunuş sayı: 40