Deputat: Azərbaycan və İran arasında yeni əməkdaşlıq imkanları var
Azərbaycan və İran arasında iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika və su sahələrində həyata keçirilən birgə layihələrin icra vəziyyəti müzakirə olunub. Dövlət Komissiyasının həmsədrləri Şahin Mustafayev və Fərzanə Sadiq arasında telefon danışığı zamanı bu ilin fevralında Bakıda keçirilmiş 17-ci iclasın yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin icra dinamikası nəzərdən keçirilib. Tərəflər nəqliyyat sahəsində Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılmasını mühüm nəticə kimi qeyd edib, Astara yük terminalında işlərin tamamlanması ilə bağlı məsələləri də müzakirə ediblər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlamasında İranın Azərbaycanın tarixi qonşusu olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə inkişaf etdiyini bildirib: “Birinci biz nəzərə almalıyıq ki, İran bizim tarixi qonşumuzdur və kifayət qədər böyük resursları və imkanları var. Eyni zamanda mühüm nəqliyyat qovşaqlarından birində yerləşir. Son illər cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan və İran arasındakı əlaqələr günü-gündən inkişaf edir və daha da irəliyə gedir”.
Deputatın sözlərinə görə, son danışıqlar və müzakirələr hər iki tərəfin əlaqələrin inkişafında maraqlı olduğunu göstərir: “Bu son danışıqlar və müzakirələr onu göstərir ki, hər iki tərəf əlaqələrin inkişafında maraqlıdır. Birgə regional layihələr əlaqələrin və əməkdaşlığın güclənməsinə özünün mühüm töhfəsini verir və gələcəkdə də verəcək. Eyni zamanda, bu, bölgəmizdə regional əməkdaşlığa da özünün töhfəsini verir. Bu gün bizim qarşımızda duran məsələlərdən biri də regional əməkdaşlığın gücləndirilməsidir”.
C.Məmmədov qeyd edib ki, müxtəlif formatlarda keçirilən görüşlər və Ağbənd dəhlizinin istifadəyə verilməsi Azərbaycan-İran əlaqələrinin inkişafına yeni imkanlar yaradacaq: “Bilirsiniz ki, üçlük, altılıq formatda müxtəlif müzakirələr var. Müxtəlif tədbirlər keçirilir, müxtəlif görüşlər keçirilir. Bu da təbii ki, əlaqələrimizin möhkəmlənməsinə öz töhfəsini verir. Ağbənd dəhlizi artıq yekunlaşıbdır. Demək olar ki, yol üzərində işlər bitibdir. Və artıq yaxın vaxtda bu yolun da istifadəsi nəzərdə tutulur. Bu da bütövlükdə iki ölkə arasında yüklərin daşınmasına, iqtisadi əlaqələrin və əməkdaşlığın güclənməsinə də özünün mühüm töhfəsini verəcəkdir”.
Nigar Xəlilli
20:40 08.09.2026
Oxunuş sayı: 45