ABŞ-də ağ köpəkbalığı tutan balıqçı məhkəməyə verildi
ABŞ-də 30 yaşlı Kristofer Stefan böyük ağ köpəkbalığını qanunsuz tutmaqda və ona qarşı qəddar davranmaqda ittiham olunur.
Crossmedia.az xəbər verir ki, “CBS News” bu barədə məlumat yayıb.
İstintaqın məlumatına görə, 2025-ci ilin oktyabrında Stefan komandası və avropalı müştəri ilə birlikdə böyük ağ köpəkbalığı tutmaq məqsədilə bir neçə günlük ekspedisiyaya çıxıb. Nəticədə uzunluğu 2,9 metr olan, Aaron adı verilmiş erkək köpəkbalığı tutulub. Tədqiqatçılar 2024-cü ildən etibarən onun hərəkətlərini xüsusi izləmə nişanı vasitəsilə müşahidə edirlər.
Balıqçı ekspedisiyadan görüntüləri özü sosial şəbəkələrdə paylaşıb. Bundan sonra hakimiyyət orqanları onu köpəkbalığını qanunsuz ovlamaqda və heyvana qarşı qəddar davranmaqda ittiham ediblər. Videoda qadağan olunmuş avadanlıqdan istifadə edildiyi görünür.
Köpəkbalığı tutulduqdan sonra balıqçılar onu suya buraxmazdan əvvəl bir müddət uğurlu ovlarını qeyd edib və onunla şəkillər çəkdiriblər.
İlk məhkəmə iclasında Stefana qarşı ittihamlar irəli sürülüb. Növbəti məhkəmə prosesi dekabrın 11-nə təyin edilib. Həmin tarixədək ona balıq tutmaq, bu fəaliyyətlə bağlı videoları internetdə paylaşmaq və Massaçusets ştatını tərk etmək qadağan olunub.
Stefanın vəkili onu təcrübəli balıqçı kimi xarakterizə edib və müvəkkilinin təbiətə məsuliyyətli münasibətin tərəfdarı olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ-də Malibunun sahillərində balıq tutan kayakçının köpəkbalığının iki hücumuna məruz qaldığı bildirilmişdi. Hadisədən sonra köpəkbalığı dərinliyə doğru üzərək gözdən itib.
01:54 24.10.2026
Oxunuş sayı: 69