"Nə müqavilə olacaq, nə də tanınma!": Gürcüstan Rusiyaya yerini göstərdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Abxaziya və Cənubi Osetiyadakı separatçı rejim reallıqlarını qətiyyətlə rədd edərək "güc tətbiq edilməməsi" barədə hər hansı sazişin imzalanmasını istisna etməsi, eyni zamanda Rusiya ilə iqtisadi və humanitar kanalların açılması üçün yeni xüsusi nümayəndə mexanizmini vurğulaması Cənubi Qafqazın geosiyasi səhnəsində mühüm diqqət mərkəzinə çevrilib. Rusiya Xarici İşlər Nazirliyinin Tbilisi tərəfindən güc tətbiq edilməməsinə dair zəmanətlər tələb edən bəyanatına sərt reaksiya verən Kobaxidze Gürcüstanın işğal altında olan bölgələrində yaradılmış qondarma "respublika"ları heç bir formada, hətta dolayısı yolla belə tanımayacağını açıq şəkildə bəyan edib. Lakin bununla yanaşı, rəsmi Tbilisinin münaqişənin sülh yolu ilə həlli, ticarət-iqtisadi əlaqələr və humanitar məsələlər üzrə fəal işi təmin etmək məqsədilə Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndə təyin etməsi və əlavə kommunikasiya kanalları yaratması rəsmi Tbilisinin xarici siyasətinin mövcud geostrateji konyunkturaya uyğunlaşdırılması cəhdindən xəbər verir. Bu yanaşma ilk baxışda ziddiyyətli görünsə də, əslində regional təhlükəsizlik risklərini minimuma endirməyə yönəlmiş dual diplomatik mexanizmin təzahürüdür.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva Gürcüstanın qırmızı xətlərini və Rusiya ilə olan yeni dialoq modelini ətraflı şərh edib:

"Gürcüstan rəhbərliyinin ərazi bütövlüyü məsələsindəki sərt mövqeyi beynəlxalq hüququn təməl norması olan suverenlik prinsipinə əsaslanır. Gürcüstan üçün suverenlik və tanınmama siyasəti hər hansı güzəşt predmeti ola bilməz. Baş nazirin bu məsələdə dəyişməz mövqe nümayiş etdirməsi həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə verilən mühüm siqnaldır ki, Gürcüstan de-fakto reallıqları heç bir halda de-yure olaraq qəbul etməyəcək".
BMTM-in aparıcı məsləhətçisi Rusiya ilə birbaşa və ya dolayı təmasların regiondakı hərbi eskalasiya riskini azaldan tərəflərinə diqqət çəkib:
"Digər tərəfdən, Rusiya ilə birbaşa və ya dolayı kommunikasiyanın yaradılması təşəbbüsü Cənubi Qafqazda mövcud olan gərginliyi nəzarətdə saxlamaq məqsədi daşıyır. Müasir beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, dondurulmuş və ya aktiv münaqişə zonasında olan tərəflər arasında hətta ən minimal dialoq belə hərbi eskalasiya riskini azaldır. Ticari-iqtisadi və humanitar mövzular tərəflər arasında qarşılıqlı etimadın yaradılması üçün zəmin rolunu oynaya bilər. Hökumət nümayəndələrinin də bildirdiyi kimi, Gürcüstan qırmızı xətləri qorumaqla iqtisadi və humanitar dialoqu genişləndirərək, regiondakı gərginliyi tam aradan qaldırmasa da, onu müəyyən dərəcədə proqnozlaşdırılan və idarəolunan çərçivəyə salmağa çalışır".
Nəsibə Mirzəyeva Gürcüstanın yürütdüyü ikili diplomatik mexanizmin uzunmüddətli perspektivlərini vurğulayaraq fikrini yekunlaşdırıb:
"İqtisadi asılılıqların və humanitar təmasların artması tərəflər arasında gərginliyi azaldan vasitəyə çevrilə bilər. Lakin bu modelin uzunmüddətli sülhə töhfə verməsi tərəflərin beynəlxalq hüquq normalarına və qarşılıqlı suverenliyə nə dərəcədə hörmətlə yanaşacağından asılı olacaq. Nəticə etibarilə deyə bilərik ki, Gürcüstanın nümayiş etdirdiyi bu siyasət ərazi bütövlüyündən imtina etmədən, faktiki güc balansı şəraitində ölkənin təhlükəsizliyini sığortalamaq və regional gərginliyi azaltmaq üçün tətbiq olunan dual diplomatik mexanizmdir".
Zeynəb Həsən
17:15 22.10.2026
Oxunuş sayı: 49