Fərdiləşdirilmiş xərçəng peyvəndi xəstəliyin təkrarlanma riskini 42% azaldıb
Fərdiləşdirilmiş xərçəng peyvəndinin immunoterapiya dərmanı ilə birlikdə tətbiqi dəri xərçənginin təkrarlanması və ya xəstələrin bu xəstəlikdən ölməsi riskini 42% azaldıb.
Crossmedia.az xəbər verir ki, BBC News bu barədə məlumat yayıb.
1 137 nəfərin iştirak etdiyi klinik sınaqda melanoma diaqnozu qoyulmuş və şişi cərrahi əməliyyatla çıxarılmış xəstələr araşdırılıb. Nəticələr göstərib ki, peyvəndin immunoterapiya ilə birgə tətbiqi iki il ərzində melanomanın bədənin digər hissələrinə yayılması riskini də 38% azaldıb.
Sınaqda iştirak edən 1 137 nəfərin hamısına immunoterapiya preparatı olan pembrolizumab verilib. İştirakçıların təxminən üçdə ikisi əlavə olaraq eksperimental peyvənd alıb, digər iştirakçılara isə plasebo tətbiq olunub.
Intismeran adlanan peyvənd hər bir xəstənin şişinin genetik xüsusiyyətləri əsasında hazırlanır. mRNT texnologiyasına əsaslanan bu üsul immun sistemini xərçəng hüceyrələrini tanımağa və xəstəlik yenidən yarandıqda onlara hücum etməyə yönəldir.
Tədqiqatın nəticələri ümidverici qiymətləndirilsə də, müstəqil xərçəng mütəxəssisləri müalicənin xəstələrin ümumi sağqalma müddətinə təsirini müəyyənləşdirmək üçün daha uzunmüddətli müşahidələrin aparılmasının vacibliyini vurğulayıblar.
Peyvəndin hazırlanmasını maliyyələşdirən MSD və Moderna şirkətləri eyni yanaşmanın böyrək, sidik kisəsi və ağciyər xərçəngi də daxil olmaqla digər şiş növlərinə qarşı da sınaqdan keçirildiyini bildiriblər. Bununla belə, bir növ xərçəng üzrə əldə edilən nəticələrin digər xəstəliklərdə də eyni effekti verəcəyinə zəmanət yoxdur.
04:50 24.10.2026
Oxunuş sayı: 60