Britaniya XİN rəhbəri Qəzzadakı itkilərlə bağlı açıqlama verdi
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend İsrailin mövcudluq hüququnu və təhlükəsizliyini dəstəklədiyini, eyni zamanda Fələstin dövlətinə də dəstək verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
“Yəhudi kimliyimlə fəxr edirəm və daim İsrail dövlətini dəstəkləyirəm. Bunun Fələstin dövlətinə dəstəyimlə heç bir ziddiyyəti yoxdur”, – deyə Milibend bildirib.
Britaniyanın xarici işlər naziri İsrailin yəhudi xalqının vətəni kimi mövcudluq hüququnu şübhə altına alanlara qarşı çıxacaqlarını deyib. Onun sözlərinə görə, İsrailin özünü müdafiə etmək hüququ var.
Milibend həmçinin Livandakı “Hizbullah”ın maliyyə strukturuna qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. O, Avropa İttifaqı və ABŞ-ın qərarlarına uyğun olaraq İrana qarşı genişmiqyaslı iqtisadi sanksiyaların da yenidən tətbiq olunacağını bildirib.
Nazir Britaniya hökumətinin İsrail xalqı ilə deyil, İsrail hökumətinin fəaliyyəti ilə fikir ayrılığında olduğunu vurğulayıb. O, iki ölkə xalqı arasında “sarsılmaz münasibətlərin” mövcud olduğunu qeyd edib.
Milibend İordan çayının qərb sahilində məskunlaşan israillilər arasında terror fəaliyyəti göstərən qrupların olduğu ərazilərdə fələstinlilərin etnik təmizləməyə məruz qaldığını bildirib. Onun sözlərinə görə, İsrail hökuməti bu hallara çox vaxt göz yumub, bəzi hökumət üzvləri isə fələstinlilərin zorla köçürülməsini dəstəkləyən açıqlamalar verib və addımlar atıblar.
Britaniya xarici işlər naziri qanunsuz yaşayış məntəqələrini maliyyələşdirən və ya onların fəaliyyətinə yardım edən şəxslərə qarşı sərt sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.
O bildirib ki, sanksiya rejimi İsrailin özünə deyil, qanunsuz yaşayış məntəqələrinə və onların genişləndirilməsinə yönələcək. Milibend eyni zamanda boykot, investisiyaların geri çəkilməsi və sanksiyalar kampaniyasına, yəni BDS hərəkatına qarşı olduğunu deyib.
Milibend Qəzzadakı itkilərə də toxunaraq bildirib ki, bölgədə 70 mindən çox insan həyatını itirib və onların ən azı 20 mini uşaqlardır.
20:19 08.09.2026
Oxunuş sayı: 57