BMT öz funksionallığını və əhəmiyyətini niyə itirdi?
Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə hazırkı vəziyyətlə bağlı ciddi mesajlar verib. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının funksionallığı əhəmiyyətli dərəcədə zəifləyib və təşkilat artıq bir çox məsələlərdə təsir göstərmək iqtidarında deyil.
Prezident eyni zamanda vurğulayıb ki, yeni dünya nizamı yalnız gücün üstünlüyünə əsaslanmamalı, ədalət və beynəlxalq hüququn prinsipləri qorunmalıdır. Bu çıxış, beynəlxalq hüququn münaqişələrin obyektiv həllindəki rolu və hazırkı qlobal güc balansının necə formalaşdığı barədə əhəmiyyətli müzakirələrə zəmin yaradır.
Məsələ ilə bağlı hüquq elmləri doktoru Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlama verib:

"Prezident İlham Əliyevin Münhendə səsləndirdiyi BMT-nin tamamilə iflic vəziyyətə düşməsini vurğulamaqla hüquqi mövcudluq yox, qərarvermə və icra qabiliyyətinin zəifləməsi nəzərdə tutur. Xüsusilə, Təhlükəsizlik Şurasında veto mexanizmi ciddi siyasi parçalanma dövrlərində qərar qəbulunu bloklaya bilir. BMT Nizamnaməsinin 27-ci maddəsi Təhlükəsizlik Şurasının substantiv qərarlarında daimi üzvlərin uyğun səsi tələbini təsbit edir. Praktikada bu, veto vasitəsilə bloklama gücünə çevrilir. Elmi ədəbiyyatda bu vəziyyət belə izah olunur:
- Kollektiv təhlükəsizlik hüquqi model kimi universaldır, amma icra böyük güclərin razılığına həssasdır (realist yanaşma).
- İnstitutların legitimliyi (qaydaların ədalətli görünməsi) qorunsa belə, icra resursu (sanksiya, məcburetmə, mandat) siyasi iradəyə bağlıdır.
TŞ-nin mandatı geniş və qərarları hüquqi baxımdan bağlayıcı sayılsa da, Şuranın özünün siyasi orqan olması onu güclər balansının girovuna çevirə bilər".
Ə.Allahverdiyev həmçinin qeyd edib ki, bu çərçivədə İlham Əliyevin “alternativ də yoxdur” fikri də maraqlıdır: "BMT həm üzvlüyün universallığına, həm də normativ-hüquqi “çətir” roluna görə əvəzolunmaz koordinasiya platformasıdır, problem daha çox onun icra mexanizmlərinin selektivliyi və böyük güc razılaşmasına həddən artıq bağlılığıdır.
Beynəlxalq hüquq, klassik mənada, zorakılığın legitim istifadəsini məhdudlaşdıran və mübahisələrin həllini müvafiq qaydada əsaslı edən sistemdir. Bu baxımdan deyə bilərik ki, orada mərkəzləşdirilmiş məcburetmə yoxdur. Dövlətlərarası sistemdə dünya polisi kimi vahid icraedici yoxdur, icra çox vaxt öz-özünə (self-enforcement), qarşılıqlılıq, reputasiya, iqtisadi və siyasi təzyiq mexanizmləri ilə işləyir. Eyni zamanda hüquqi iddia ilə siyasi nəticə arasındakı boşluq var. Məhkəmə və arbitraj qərarları normativ ölçü verir, amma icra bəzən yenə də siyasi güc balansına söykənir. Bu səbəbdən “güc haqlıdır” məntiqi yüksələndə beynəlxalq hüququn rolu yox olmur, amma çox vaxt transformasiya edir. Hüquq birbaşa dayandırma aləti olmaqdan daha çox legitimləşdirmə və ya delegitimləşdirmə, koalisiya qurma, sanksiya əsaslandırma, danışıqlarda çərçivə yaratma funksiyasına keçir. Bu gün beynəlxalq hüquq münaqişələrin obyektiv həllində “son hökm verən” mexanizm olmaqdan çox, obyektivliyin meyarlarını və prosesini təmin edən normativ-institusional çərçivə rolunu oynayır".
Hüquqşünas qeyd edib ki, beynəlxalq hüququn bu gün münaqişələrin obyektiv həllində rolu daha realist ifadə ilə belədir: "O, münaqişəni avtomatik dayandıran mütləq icra mexanizmi deyil, amma obyektiv meyarları (nə qanunidir), obyektiv prosedurları (necə müzakirə və həll olunmalıdır) və obyektiv nəticə üçün institusional yolları (məhkəmə, arbitraj, vasitəçilik) təmin edən əsas infrastrukturdur. Bu infrastruktur zəifləyəndə dünya “kim güclüdür, o haqlıdır” məntiqinə sürüşməyə daha açıq olur, gücləndikdə isə, hətta güc balansı sərt olanda belə, tərəflərin davranışı hüquqi sərhədlər və legitimlik tələbləri ilə müəyyən qədər məhdudlaşır".
Ayhan
12:10 17.02.2026
Oxunuş sayı: 908