Marko Rubiodan 28 May mesajı: ABŞ Azərbaycana strateji tərəfdaş kimi baxır
ABŞ dövlət katibi Marko Rubionun 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqınına təbrikində Vaşinqtonun Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan etməsi iki ölkə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Son dövrlərdə Azərbaycan ilə ABŞ arasında münasibətlərdə müşahidə olunan canlanma, xüsusilə siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik məsələlərində əməkdaşlığın genişlənməsi ilə diqqət çəkir.
Ekspertlərin fikrincə, Vaşinqtonun Azərbaycanla əməkdaşlıqda maraqlı olmasının əsas səbəblərindən biri Azərbaycanın Cənubi Qafqazda strateji mövqeyə malik olmasıdır. Xüsusilə enerji marşrutları, Orta Dəhliz, Zəngəzur dəhlizi, eləcə də regional sabitlik məsələləri ABŞ üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan yaxın perspektivdə iki ölkə arasında enerji, iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat-logistika və diplomatik sahələrdə əməkdaşlığın daha da genişlənəcəyi ehtimal olunur.
Hazırda Azərbaycan–ABŞ münasibətləri əvvəlki illərlə müqayisədə daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan mərhələyə keçməkdədir. Tərəflər arasında müəyyən fikir ayrılıqları qalsa da, ümumi siyasi xətt münasibətlərin inkişafına və strateji əməkdaşlığın gücləndirilməsinə hesablanıb.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:
“Hazırda Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir. Halbuki Bayden administrasiyası dövründə iki ölkə münasibətlərində ciddi ziddiyyətlər mövcud idi. Həmin dövrdə Ağ Ev rəsmi Bakıya müxtəlif təzyiqlər göstərməyə çalışır, Cənubi Qafqaz siyasətini əsasən Ermənistan üzərindən quraraq Azərbaycanı hədəfə alırdı. Lakin Donald Tramp administrasiyasının hakimiyyətə qayıdışından sonra bu proses tamamilə əks istiqamətdə dəyişməyə başlayıb. Hazırda Tramp administrasiyası Azərbaycanla daha yaxın və konstruktiv münasibətlər qurmağa üstünlük verir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb və bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması istiqamətində qarşılıqlı addımlar atılır. Bu baxımdan Azərbaycan–ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini inkar etmək mümkün deyil. Bu, artıq siyasi reallıq kimi qəbul olunur.
Politoloq əlavə edib ki, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda ciddi geosiyasi maraqları mövcuddur: “Ağ Evdə də anlayırlar ki, regiondakı maraqların təmin olunması üçün Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi qaçılmazdır. Çünki Cənubi Qafqazın aparıcı və lider dövləti məhz Azərbaycandır. Bu səbəbdən Vaşinqton Bakı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı görünür. Eyni zamanda iki ölkə arasında iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində də pozitiv addımlar atılır. Xüsusilə Tramp administrasiyasının prioritetləri sırasında Zəngəzur dəhlizinin açılması və ABŞ-da imzalandığı bildirilən üçtərəfli anlaşma çərçivəsində TRIP layihəsinin işə salınması mühüm yer tutur. Bu layihələrin reallaşmasının Azərbaycan, ABŞ və Ermənistan arasında ortaq fəaliyyət nəticəsində mümkün ola biləcəyi vurğulanır. Ağ Ev də həmin prosesdə maraqlı tərəf olduğunu gizlətmir. Belə görünür ki, yaxın aylarda, xüsusilə Yaxın Şərqdəki gərginlik və müharibə elementləri zəiflədikdən sonra, ABŞ-ın əsas diqqət istiqamətlərindən biri Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsi olacaq. Bu baxımdan ABŞ dövlət katibi Marko Rubionun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də mövcud siyasi reallığa uyğun yanaşma hesab oluna bilər. Bu açıqlamalar Vaşinqtonla Bakı arasında münasibətlərin hansı müsbət istiqamətdə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir”.
Ayhan
16:40 28.05.2026
Oxunuş sayı: 57