Putin "Oreşnik"lərlə "qaş düzəltmək istəyəndə göz çıxarır": Rusiya çökür?
Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
Şəxsi Pilotlar və Təyyarə Sahibləri
Assosiasiyası" ÜmumUkrayna Aviasiya Təşkilatının prezidenti Gennadi Xazan
"Kiyev 24" kanalında bildirib ki, "Oreşnik" raketinin
seriyalı istehsalına başlanması Rusiyanın iqtisadi tükənməsinə doğru daha bir
addım olacaq. Xazanın sözlərinə görə, "Oreşnik" raketinin dəyəri təxminlərdən
asılı olaraq 40 ilə 60 milyon dollar arasında dəyişir. Bu silahın kütləvi
istehsalı ehtimalına gəldikdə isə, o, deyib: "Davam edin. Neft qiymətlərinin
artmasından əldə etdiyiniz pulu Yer atmosferində yandırmağa xərcləyin.
Yandırın, biz bunu bəyənirik".
Ekspert əlavə edib ki, bu, nəticədə Rusiya
Federasiyasının bir dövlət kimi iqtisadi tükənməsinə" gətirib çıxaracaq
daha bir addımdır.
"Defense Express"in məlumatına görə,
Rusiya artıq "Oreşnik" ortamənzilli ballistik raketlərinin seriyalı
istehsalına başlayıb.
Ekspertlər hesab edirlər ki, əgər raketin seriyalı
istehsalı fevral-mart aylarında başlasaydı, Rusiya çox güman ki, yalnız bir
raket istehsal edə bilib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, aprel ayı etibarilə düşmənin stokunda 10-a qədər "Oreşnik" raketi var idi. Lakin analitiklər qeyd edirlər ki, bu rəqəm təxmin edilən miqdar deyil, daha çox maksimum həddir.

Səslənən iddialar və “Oreşnik”lərdən istifadənin
Rusiya iqtisadiyyatına təsiri barədə Milli Məclisin dörd çağırış deputatı (III,
IV, V, VI), iqtisadçı – ekspert, professor Rüfət Quliyev Crossmedia.az – a danışıb:
“Müharibə mövzusu gündəmdən düşmür. Çünki bəşəri problemə çevrilib. Bu gün hərbi
konfliklər, beynəlxalq münasibətlər medianın da əsas mövzusudur. Əlbəttə, müharibə
dünyaya mənfi təzir edir. Qlobal iqtisadiyyatda geriləmələr baş verir,
Ümumdaxili məhsul azalır, şəhərlər, kəndlər dağılır. Bunlar isə son nəticədə
insanlara mənfi təsir edir. Dünyanın hərbi xərcləri illik 3 trilyon dollara yaxındır.
Rəsmi rəqəmlər də bunu təsdiqləyir. Təbii ki, hərbi xərclərinə görə dünyada
birinci yerdə ABŞ-dir. Bu rəqəm təxminən 930 milyard dollardır. Amma Prezident Donald Tramp bu rəqəmin trilyon
yarım olmasını istəyir. Bu, tarixi rekord ola bilər. İkinci yerdə Çindir. Çinin
hərbi xərcləri ilə bağlı dəqiq rəqəm yoxdur, amma ikinci olduğu dəqiqdir. Üçüncü
yerdə Rusiyadır. Bu ölkənin hərbi xərcləri təxminənn 200 milyard dollardır. Bu,
Ümumdaxili məhsulun 8 faizidir. Rəsmi məlumata görə, 115 milyard dollar xərclə dördüncü
yerdə Almaniyadır. Nəzərə almaq lazımdır ki, İkinci dünya müharibəsindən sonra
dünya ölkələri Almaniya və Yaponiyaya hərbi xərclərini artırmaqla bağlı qadağa
qoymuşdular. Amma son illərdə Almaniya hərbi xərclərini artırır”.
Müsahibimiz qeyd edib ki, Rusiya hazırda bütövlükdə
NATO və hətta bəzi NATO üzvü olmayan dövlətlərlə mübarizə aparır: “Döyüşlər Ukraynada
gedir. Məlum olduğu kimi, 1945-46-cı illərdə Böyük Britaniyanın o vaxtkı baş
naziri Uinston Çörçil Fulton şəhərindəki çıxışında SSRİ-yə qarşı soyuq müharibə
elan etdi. Beləliklə, iqtisadi müstəvidə gərginlik başladı. Qərb öz hədəfinə
çatdı.
Məlum olduğu kimi, 2014-cü ilin sonlarından etibarən Rusiyaya qarşı sanksiyalar gücləndi. Bu proseslər Rusiyanın Krımı işğalı ilə bağlıdır. Dünya mediası o zaman Krımın işğalını fərqli cür işıqlandırırdı. Fakt isə ondan ibarətdir ki, bu gün NATO Rusiya sərhədlərinə daha yaxındır. Halbuki Rusiya Ukraynanın NATO- ya xüsusilə siyasi cəhətdən yaxınlaşmasının qarşısını almaq istəyirdi. Lakin Finlandiyanın Alyansa üzvlüyü ilə Kremlin istədiyinin əksi oldu. Bu mənada Moskva tam uduzdu və balanslaşdırılmış beynəlxalq siyasətini davam etdirə bilmədi. 2015-ci ildən bəri deyirlər ki, Rusiya iqtisadiyyatı çökəcək. Doğrudan da, Rusiya iqtisadiyyatının inkişafının qarşısını alındı, texnoloji və maliyyə problemləri yarandı, miqrasiya baş verdi, işçi qüvvəsi çatışmazlığı yarandı. Bu gün Rusiyaya təxminən 3 milyon işçi qüvvəsi lazımdır. Bunlar bir tərəfdən Qərbin sanksiyalarının, digər tərəfdənsə hərbi xərclərin artmasının nəticəsidir. İndi əsas sual Rusiyanın buna dözüb – dözməyəcəyi ilə bağlıdır. Məncə, bacaracaq. Çünki Rusiya təbii resurslarına görə dünyada ən nəhəng ölkədir. Ekspertlərin fikrincə, dünyadakı yeraltı və yerüstü sərvətlərin 27- 40 faizi Rusiyadadır. Əlbəttə, tarixdə ilk dəfə deyil ki, Rusiya dünya ölkələri ilə iqtisadi – maliyyə münasibətlərini pozur. Bunun əsas səbəbi də torpaq uğrunda mübarizəsdir. Rusiya tarix boyu daim mübarizə aparıb. Müharibə şəraitində yaşamaq, mübarizə aparmaq, bəlkə də, Rusiya xalqının qanına hopub. Amma, bu yaxşı deyil. Çünki qazanan ancaq hakimiyyət və milyarderlər olur, kasıb xalq isə daha da müflisləşir. Rusiyada iqtisadi durum nəinki ilbəil, hətta aybaay pisləşir. İnanmıram ki, Rusiya iqtisadiyyatı yaxın zamanda çökəcək. Hər dəfə yeni taktiki addım atılır və müharibəni davam etdirmək yeni resurslar tapılır. Lakin inflyasiyanın qarşısını almaq çətin olacaq. Reallıqda Rusiyada inflyasiya deyiləndən qat- qat çox 10-15, bəzi sahələrdə isə 20 faizdir. Həmçinin şrinkflyasiya da müşahidə olunur. İnsanların həyat tərzi get- gedə zəifləyir, alıcılıq qabiliyyəti azalır, insanlar ölkəni tərk edir. Rusiyanın hərbi xərclərinin artması, həmçinin iqtisadiyyatın hərbiləşməsi bir neçə il müsbət nəticə verə bilər, amma daimi ola bilməz. Sonradan bu hərbi xərclər iqtisadiyyatı və maliyyəni çökdürür”.

Professorun sözlərinə görə, Rusiya artıq Qərbi və Ukraynanı “Oreşnik” strateji- ballistik raketləri ilə qorxutmağa başlayıb: “Bu raketlər uzaq məsafəni qət edə bilir. Məlumata görə, bir “Oreşnik” üçün 40 milyon dollardan- 60 milyon dollara qədər vəsait sərf olunur. “Oreşnik”lərdən istifadə təhlükəlidir. Birincisi ona görə ki, bu, iqtisadi cəhətdən baha başa gəlir. İkincisi isə “Oreşnik”lərlə nüvə borbardmanları mümkündür. Bu, ciddi məsələdir. Ümumilikdə isə maliyyə çətinlikləri təkcə Rusiyaya aid deyil. Eyni hal digər ölkələrdə, o cümlədən Avropada da müşahidə olunur. İstənilən ölkədə itirən xalq olur. Orta sinif getdikcə məhv olur, əhali kasıblaşır. BMT qlobal problləri həll edə bilmir. Necə ki vaxtı ilə Qarabağ problemi ilə bağlı dörd qətnamə qəbul etsə də, bu məsələni 30 il ərzində həll edə bilmədi. BMT getdikcə gücünü, nüfunu itirir. Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə dəfələrlə toxunub”.
- Kənan Novruzov,
- Crossmedia.az analitik-informasiya portalının redaktoru
18:01 28.05.2026
Oxunuş sayı: 67