Distant işləyənlər diqqət: Evdə baş verən bədbəxt hadisəyə görə kim məsuliyyət daşıyır?
Azərbaycanda distant iş rejiminin hüquqi çərçivəsi son dövrdə genişləndirilib. Əmək Məcəlləsinə edilən dəyişikliklərlə “məsafədən (distant) iş” anlayışı ayrıca müəyyənləşdirilib və əmək funksiyasının elektron, proqram-texniki və telekommunikasiya vasitələri ilə işəgötürənin yaratdığı iş yerindən kənarda yerinə yetirilməsi nəzərdə tutulub.
Yeni qaydalar distant iş zamanı əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsinə imkan verir. Bu dəyişikliklər fonunda Azərbaycanda distant işin hansı sahələrdə daha geniş tətbiq oluna biləcəyi, işçilərin hüquqlarının necə qorunacağı və bu modelin ənənəvi iş rejiminə təsiri məsələləri aktuallaşır.
Crossmedia.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov məsafədən iş rejiminin Əmək Məcəlləsində nəzərdə tutulmasına baxmayaraq, xüsusilə dövlət sektorunda bu sahə ilə bağlı əlavə tənzimləmələrə ehtiyac olduğunu bildirib.
“Məsafədən iş anlayışı Əmək Məcəlləsinə gətirilsə də, hələlik bundan yalnız özəl sektor istifadə edə bilir. Çünki dövlət sektoru, büdcə təşkilatları, dövlət orqanlarının bundan ötrü istifadə etməsi üçün əlavə tənzimləmələr, qərarlar, qanunvericilik aktları lazımdır ki, bilinsin hansı vəzifələrdə, kimlər məsafədən işləyə bilər”, - deyə hüquq müdafiəçisi qeyd edib.
Sahib Məmmədov özəl sektorda da məsafədən işin təşkili ilə bağlı müəyyən məsələlərin açıq qaldığını vurğulayıb: “Məsafədən işləməyin müxtəlif növləri var. Biri tam məsafədən işləyir, biri hibrid, yəni həm iş yerində, həm məsafədən işləyir. Biri yalnız qısamüddətli, hansısa layihə çərçivəsində işləyir, bir də fövqəladə hallar dövründə tətbiq olunur. Məsələn, pandemiya zamanı bunu gördük. Amma özəl sektor məsafədən işi təşkil edəndə bir sıra açıq məsələlər qalır”.
O, xüsusilə məsafədən işləyən şəxsin əməyinin mühafizəsi və mümkün bədbəxt hadisələr zamanı məsuliyyət məsələlərinin diqqət tələb etdiyini bildirib: “Şəxs öz evindən, ofisindən istifadə edəcəksə, orada əməyin mühafizəsi necə təmin olunacaq? İstehsalatda bədbəxt hadisə baş verərsə, məsələn, evində, yaxud hansısa yerdə işini yerinə yetirərkən xəsarət alarsa və ya şəxsi avtomobili ilə yol gedərkən işi yerinə yetirirsə, hansısa qəzaya düşərsə, bu, sığorta hadisəsi sayılmaya bilər. Halbuki işəgötürən buna görə məsuliyyət daşıyır”.
Hüquq müdafiəçisi məsafədən işləyən şəxsin internet, telefon və digər şəxsi resurslarından istifadə etməsi ilə bağlı xərclərin ödənilməsi məsələsinə də toxunub: “Şəxs öz evindən, ofisindən, internetindən, telefonundan istifadə edirsə, bunun xərclərinin ödənilməsi məsələləri var. Bunları özəl sektor qarşılıqlı razılaşma ilə həll edə bilər. Amma bütün hallarda açıq qalan məsələlər var. Əsas da əməyin mühafizəsi ilə bağlıdır ki, orada bədbəxt hadisə baş verəndə onu sığorta şirkətləri indiki halda sığorta hadisəsi saymaya bilər”.
Nigar Xəlilli
20:08 18.09.2026
Oxunuş sayı: 49