Özəl sektorun canlandırılması üçün ölçüləbilən dəstək tədbirləri təklif olunması zəruridir - MÜSAHİBƏ
Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında çox mühüm məsələlərə toxunub, perspektivlərdən danışıb. Həmçinin maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində də ölkədəki durumla bağlı mühüm fikirlər səsləndirib. O, qeyd edib ki, Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi, dayanıqlılığı tam qorunur.

Bu kontekstə maliyyə sahəsindəki mövcud durum və perspektivlər barədə iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Gündüz Camalzadə Crossmedia.az-a müsahibə verib.
- Gündüz müəllim, mövcud iqtisadi kursu necə xarakterizə etmək olar?
- Makroiqtisadi sabitlik, struktur diversifikasiya və institusional modernləşmə yeni iqtisadi kursun strateji modelləridir. 2026-cı ilin yanvar-aprel aylarına aid göstəricilərinə nəzər salsaq, iqtisadi artımın müsbət istiqamətdə davam etdiyini görürük. Belə ki, ÜDM 0,2%, qeyri-neft sektoru 0,7%, kənd təsərrüfatı sahəsi 2,0% artıb. Bu rəqəmlər kiçik görünə bilər, amma məzmun baxımından əhəmiyyətlidir. İqtisadiyyat nominal sabitliklə yanaşı, sektorlararası balansı da qoruyur.
Strateji valyuta ehtiyatlarının 88 milyard ABŞ dollarına çatması və bunun ÜDM-in 111 faizinə bərabər olması ölkənin xarici şoklara qarşı davamlılığını, yəni klassik makroiqtisadi nəzəriyyədə "rezerv buferi" adlanan qabiliyyətini yüksək səviyyədə saxladığını göstərir. Nəzərə almaq lazımdır ki, strateji maliyyə ehtiyatları azalan qonşu ölkə timsalında ÜDM-in artması heç də rifahı artırmadığının şahidi oluruq. Bu timsalda maliyyə dayanıqlılığının iqtisadi artımdan daha vacib olduğu qənaətinə gəlmək olar.
- Fiskal dayanıqlılıq və dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı vəziyyət necədir?
- Dövlət maliyyəsi neft gəlirlərinin passiv daşıyıcısı olmaqdan çıxıb, qaydalarla idarə olunan, şəffaf və ölçülə bilən bir sistemə çevrilir. 2026-cı ilin ilk dörd ayında büdcə gəlirləri 13,6 milyard manat, xərclər isə 10,5 milyard manat olub. Büdcə icrası 96,3% səviyyəsindədir. Həmin dövrdə Neft Fondundan büdcəyə köçürmələr təxminən 300 milyon manat azalıb. Bununla paralel, qeyri-neft gəlirlərinin ümumi büdcə daxilolmalarındakı payı 53 faizdən 57,4 faizə yüksəlib. Bu dinamika iki şeyi göstərir. Birincisi, fiskal konsolidasiya gedir, ikincisi, büdcə özünü getdikcə daha çox vergi bazası üzərindən maliyyələşdirir. Bunu iqtisad elmi "fiskal asılılığın azalması" kimi xarakterizə edir. Beynəlxalq Valyuta Fondu da Azərbaycan üzrə tövsiyələrində inflyasiya risklərinin sistematik izlənməsini, monetar ötürmə mexanizminin gücləndirilməsini və bank sektorunda mövcud struktur problemlərinin aradan qaldırılmasını vacib hesab edir. Bu tövsiyələr xarici müşahidə ilə daxili mənzərənin doğru təsbit edildiyi deməkdir.
- Real gəlirlər və inflyasiya arasında münasibətlər necədir? Alıcılıq qabiliyyəti qənaətbəxşdir?
- Burada açar sual belədir ki, gəlir artımı inflyasiyanı üstələyibmi? Rəsmi statistikaya görə, əhalinin nominal gəlirləri 8,8%, orta aylıq nominal əməkhaqqı isə 6,2% artıb. Həmin dövrdə istehlak qiymətləri indeksi təxminən 5,6% yüksəlib. Deməli, real alıcılıq qabiliyyəti qorunub və cari vəziyyət klassik iqtisadi nəzəriyyə baxımından müsbət nəticədir. Lakin arxeyinləşmək olmaz. Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə əsasən, xarici mühitdəki qeyri-müəyyənlik fonunda inflyasiya sürprizlərinə qarşı həssaslıq hələ də yüksəkdir. Buna görə exante tədbirlər, yəni risk reallaşmadan əvvəl görülən ehtiyat tədbirləri böyük əhəmiyyət daşıyır. İdxal kanallarının şaxələndirilməsi, strategiyalarının əvvəlcədən müəyyənləşdirilməsi, qiymət monitorinqinin gücləndirilməsi bunların başında gəlir.
- Kənd təsərrüfatında baş verən transformasiya nə vəd edir?
- Kənd təsərrüfatı artıq yalnız ənənəvi istehsal sahəsi deyil, regional inkişafın və ərzaq təhlükəsizliyinin mərkəzi aləti kimi formalaşır. Belə ki, məşğulluq səviyyəsini təmin edən və davamlı ÜDM-də payı artan kənd təsərrüfatı sahəsi ölkə iqtisadiyyatının gələcək lokomotivinə çevrilə bilər. Prezidentin sədrliyi ilə keçirilən müşavirədə vurğulanan infrastruktur quruculuğu bu baxımdan diqqətəlayiqdir. Ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faizə çatıb, iri su anbarları və kanallar yenidən qurulub, yol şəbəkəsi genişləndirilib. Bu infrastruktur aqrar istehsalın məhsuldarlığını, yəni eyni miqdarda torpaq, əmək və kapitaldan əldə olunan məhsulu əhəmiyyətli dərəcədə artırır.
Konkret nümunələr isə daha da aydın mənzərə verir. Belə ki, pambıq istehsalının 20 min tondan 360 min tona yüksəlməsi, ipəkçiliyin bərpası nümunə ola bilər. Subsidiyalar, güzəştli kreditlər və dəstək mexanizmləri bu nəticələrin arxasında duran vasitələridir. İqtisadi terminologiya ilə desək, bu proses "dəyər zəncirinin dərinləşdirilməsi" və "aqrar multiplikator effektinin" gücləndirilməsidir. Aqrar artım yalnız kənd təsərrüfatında deyil, emal, logistika və xidmət sektorlarında da töhfə verir. Xüsusilə özəl sektorun, investisiyaların bu sahəyə təşviqi üçün real həll yolları dövlət orqanlarının üzərinə düşür.
- Qlobal kontekstdə Azərbaycanın ilə ərzaq təhlükəsizliyi ilə mövcud mənzərə barədə nə deyə bilərsiniz?
- Əsas risk xarici şokların daxili bazara ötürülməsidir. Müharibə mühiti, enerji böhranları, logistika fasilələri, iqlim krizi kimi faktorlar hamısı qlobal ərzaq sisteminin zəif nöqtələrini üzə çıxarır. Azərbaycan isə bu risklərə qarşı rasional bir yanaşma sərgiləyərək yerli istehsalın genişləndirilməsi, regionlarda aqrar istehsalın canlandırılması, azad edilmiş ərazilərdə aqroparkların qurulması üzərində çalışır. İdxala tam asılılığı azaltmaq, daxili istehsal potensialını möhkəmləndirmək, eyni zamanda ticarət kanallarını açıq saxlamaq zəruridir. Prezidentin müşavirədəki ifadəsinin məntiqi budur ki, hər ölkə öz ərzaq təhlükəsizliyini prioritet gündəm kimi qəbul etməlidir. Nəzərə alsaq ki, son illər pərakəndə ticarət şəbəkələrinin inkişafı durağanlıq yaşadığı dönəmdir, bu timsalda özəl sektorun canlandırılması üçün ölçüləbilən dəstək tədbirləri təklif olunması zəruridir.
- Özəl sektor və qeyri-neft diversifikasiyası da əsas müzakirə mövzularındandır...
- Rəqəmlərə baxsaq 2026-cı ilin birinci rübündə əsas kapitala yatırımlar 14,9% artaraq 4,05 milyard manata çatıb. Bu investisiyaların böyük hissəsi daxili mənbələrdən gəlib, özəl sektorun payı isə yüksəkdir. Sənaye yatırımların 48 faizini, nəqliyyat və logistika sektoru isə əhəmiyyətli hissəsini cəlb edib. Bu, təsadüfi deyil. Azərbaycan geosiyasi mövqeyini iqtisadi üstünlüyə çevirmək strategiyasını ardıcıl həyata keçirir. Orta Dəhliz tranzit marşrutu, limanlar, dəmir yolları, rəqəmsal infrastruktur ölkəni sadə gömrük keçid nöqtəsindən əlavə dəyər yaradan sənaye-logistika mərkəzinə çevirməyin zəminidir. Qeyri-neft gəlirlərinin payının artması isə bu dəyişimin büdcə tərəfdən göstəricisidir. Hesab etmək olar ki, bu tip strategiyanın davamı olaraq özəl sənaye parklarının və məhəllələrinin inkişafına xüsusi diqqət ayrılmalıdır.
- Dövlət idarəçiliyində rəqəmsal nəzarət və şəffaflığın əsas üstünlükləri nələrdir?
- Bu sahədəki ən mühüm trend rəqəmsal nəzarətin genişlənməsidir. Rəqəmsal Dövlət Maliyyəsi Sistemi, büdcənin proqnozlaşdırılmasından icrasına, xəzinədarlıq əməliyyatlarından risk əsaslı yoxlamalara qədər bütün prosesi vahid elektron mühitdə birləşdirir. Bəzi konkret nəticələr bu dəyişimin miqyasını göstərir. Belə ki, xəzinədarlıq ödənişlərinin icra müddəti bir günə, hətta bir neçə saata endiriməsi, elektron müqavilə portalı istifadəyə verilməsi, dövlət satınalmaları elektron imza ilə rəsmiləşdirilməsi buna misal ola bilər. Dövlət müəssisələrinin dividendlərinin sistematik monitorinqi və aktiv-öhdəliklərin mərkəzləşdirilmiş uçotu isə dövlət maliyyəsinin "korporativ idarəetmə" standartlarına yaxınlaşmasının göstəricisidir. İqtisad nəzəriyyəyə əsasən informasiya asimmetriyasının azaldılması fonunda müxtəlif dövlət strukturları arasında məlumat boşluqlarının aradan qaldırılması həm xərclərə nəzarəti gücləndirir, həm də rent-axtarış davranışlarını məhdudlaşdırır.
- İşğaldan azad edilmiş ərazilərin yenidənqurulması ölkənin iqtisadi prioritetləri arasında hansı yeri tutur?
- Yenidənqurma, yalnız bərpa layihəsi deyil, uzunmüddətli regional inkişaf strategiyasıdır. "Böyük Qayıdış" proqramı çərçivəsində planlaşdırılanlar arasında 280 min hektar sahənin minalardan təmizlənməsi, 34.500-dən çox mənzil və fərdi evin tikilməsi, 197 təhsil müəssisəsinin inşası, 26 avtomobil yolu layihəsinin tamamlanması var. Eyni zamanda Ağdam Sənaye Parkı, Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası və Zəngilanda Dost Aqropark kimi layihələr azad edilmiş əraziləri istehsal və xidmət fəaliyyətinin baş verdiyi məkanlara çevirməyə xidmət edir. "Lokomotiv investisiya" effekti ilə dövlət əvvəlcə infrastruktur qurur, ardınca özəl kapital axır, daha sonra məşğulluq artır və məskunlaşma möhkəmlənir. Başlanğıcda xərci yüksək görünən bu model uzun müddətdə həm bölgə, həm də ümumi iqtisadiyyat üçün çoxlu gəlir mənbəyi yaradır.
- Necə düşünürsünüz, əhalinin sosial rifahının qorunması istiqamətində vəziyyət necədir?
- Sosial rifah siyasəti iqtisadi strategiyanın ayrılmaz tərkib hissəsidir, çünki inklüziv artım olmadan sabitlik davamlı olmur. Yalnız makro göstəricilərin yaxşı olması kifayət etmir, artımın gəlir bölgüsündə də hiss edilməsi lazımdır. Gəlirlərin inflyasiyanı üstələməsi, əməkhaqqı artımı və sosial xərclərin davam etməsi birlikdə aşağı və orta gəlirli qrupların alıcılıq qabiliyyətini qoruyur. Bu isə daxili tələbi dəstəkləyir. Yəni sosial siyasət burada ikili funksiya daşıyıraq həm həssas qrupları qoruyur, həm də iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan daxili istehlakı ayaqda saxlayır.
- Bəs rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi iqtisadi inkişafa necə təsir edir?
- İqtisadiyyatın növbəti inkişaf mərhələsi artıq məlumatın sürətli emalı, qərarların çevikliyi və idarəetmənin dəqiqliyi üzərində qurulur. Bu həm dövlət sektoru, həm də özəl sektor üçün eyni dərəcədə keçərlidir. Tədqiqatlara görə, süni intellekt savadlılığı yaxın gələcəkdə xarici dil bilikləri qədər vacib peşəkar bacarığa çevriləcək. Lakin bu, sadəcə "proqrama sual vermək" demək deyil, eyni zamanda məlumatı analiz etmək, yanlış yolu ayırd etmək, alınan nəticəni yoxlamaq və süni intellekt alətlərini gündəlik peşəkar işə uğurla inteqrasiya etməkdən ibarətdir. Bunların hamısı birlikdə yeni iqtisadi bacarıq profilini təşkil edir. Fikrimcə yeni tendensiya əmək bazarının keyfiyyət dönüşümü kimi şərh etmək lazımdır. Artıq üstünlük yalnız diplomda deyil, adaptasiya sürətindədir. Bu çağırış təhsil sektoru üçün də vacib nüansdır. Dövlət üçün isə bu proses konkret iqtisadi məna daşıyıraraq büdcə analitikası, proqnozlaşdırma, satınalma nəzarəti, xidmət göstərmə kimi bütün sahələrdə məhsuldarlıq artımı əldə etmək mümkün olur. Azərbaycanın hazırkı iqtisadi modelinin daxili məntiqini bir cümlə ilə belə ifadə etmək olar. Fiskal dayanıqlılığı qorumaq, qeyri-neft sektorunu genişləndirmək, aqrar və regional transformasiyanı sürətləndirmək, təchizat zəncirini möhkəmləndirmək, dövlət idarəçiliyini rəqəmsal formatda yenidən qurmaq və süni intellektə keçidi institusional səviyyədə dəstəkləmək. İqtisad nəzəriyyəsinin dili ilə desək, struktur transformasiya, institusional keyfiyyət və xarici şoklara davamlılıq kombinasiyasının ardıcıl tətbiq edilərək preventetiv tədbirlər görülür.Ən vacib sual isə budur ki, müvafiq islahatların davamlılığını necə təmin etmək olar? Çünki ayrı-ayrı layihələr kimi deyil, bir sistem kimi işləyən islahatlar uzunmüddətli nəticə verir. Məhz bu fərq strateji uğuru qaçınılmaz edir.
18:41 28.05.2026
Oxunuş sayı: 63