Qətər: İsrail ABŞ-İran qarşıdurmasından bölgədə istifadə edir
Qətər Xarici İşlər Nazirliyi İsraili ABŞ-İran qarşıdurmasından istifadə edərək regionda zərbələr endirməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bu barədə açıqlama verib.
Əl-Ənsari bildirib ki, Doha ABŞ və İran arasında gərginliyin azaldılması məqsədilə Oman və Pakistanla danışıqları davam etdirir. Onun sözlərinə görə, Hörmüz boğazı ətrafındakı böhranın uzanması vəziyyətin daha da gərginləşməsinə və bütün tərəflərin zərər görməsinə səbəb ola bilər.
Qətər rəsmisi ölkəsinin tərəfdaşları ilə birlikdə diplomatik həllə nail olmaq və Hörmüz boğazında gəmiçiliyin bərpası istiqamətində çalışdığını bildirib. Qətər daha əvvəl də boğazda təhlükəsiz gəmiçiliyin təmin olunması və diplomatik səylərin davam etdirilməsini dəstəklədiyini açıqlayıb.
Əl-Ənsari eyni zamanda İsraili ABŞ və İran arasında yaranmış qarşıdurmadan regionda ölümcül zərbələr endirmək üçün istifadə etməkdə ittiham edib.
O, İsraili yaranmış vəziyyətdən istifadə edərək Fələstin, Livan və Suriya ərazilərində “yeni reallıq” yaratmağa cəhd göstərməməyə çağırıb.
Qeyd edək ki, Hörmüz boğazı ətrafında vəziyyət son günlər yenidən gərginləşib. ABŞ qüvvələrinin İranın boğaz yaxınlığındakı hərbi obyektlərinə zərbələr endirməsindən sonra Tehran ABŞ-ın İordaniyadakı hərbi bazalarına raket zərbələri endirib. Bu fonda boğazın açılması ilə bağlı diplomatik səylər davam edir.
17:19 01.09.2026
Oxunuş sayı: 54