Azərbaycan Məkkə sazişinə qoşulur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında avqustun 7-də Məkkədə imzalanan Birgə Müdafiə Sazişi yeni regional təhlükəsizlik formatının əsasını qoyub. Sazişə əsasən, tərəflər artıq əməkdaşlığın institusional mexanizmlərini formalaşdırmağa başlayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına görə, digər ölkələrin iştirakı ilə formatın genişləndirilməsi üçün yol xəritəsi hazırlanır. Fidanın bu açıqlamasından sonra Türkiyə və Pakistanla strateji tərəfdaşlıq münasibətlərinə malik olan Azərbaycan və digər ölkələrin sazişə mümkün qoşulması məsələsi də gündəmə gəlib.
Politoloq Qabil Hüseynli Crossmedia.az-a açıqlamasında Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında formalaşan əməkdaşlıq formatının gələcəkdə yeni dövlətlərin iştirakı ilə genişlənə biləcəyini bildirib: “Bu formata Misirin daxil olması daha real görünür və yaxın gələcəkdə Misirin həmin ittifaqa qoşulması mümkündür. Eyni zamanda Azərbaycanın da bu formatda iştirak ehtimalını istisna etmək olmaz”.

Politoloqun fikrincə, mövcud əməkdaşlıq formatı gələcəkdə İslam dünyasının digər ölkələrinin də iştirak etdiyi daha geniş siyasi və strateji platformaya çevrilə bilər: “Qətər də ərəb ölkəsi kimi gələcəkdə bu əməkdaşlıq formatına qoşula biləcək dövlətlər sırasında nəzərdən keçirilə bilər. Ümumilikdə, söhbət genişlənmək və yeni üzvlər qəbul etmək potensialına malik olan İslam dünyası çərçivəsində əməkdaşlıq blokundan gedirsə, bu formatın gələcəkdə daha da güclənməsi mümkündür. Yeni dövlətlərin qoşulması həmin əməkdaşlıq mexanizminin siyasi və strateji imkanlarını genişləndirə bilər. Bu baxımdan, belə bir blokun gələcək perspektivlərinin olduğunu və zamanla daha geniş regional əməkdaşlıq formatına çevrilə biləcəyini düşünmək olar”.
Nigar Xəlilli
17:15 01.09.2026
Oxunuş sayı: 62