Özbəkistanlı rektor: Özbəkistan azərbaycanlı tələbələr üçün yeni imkanlar yaradır
Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixi köklər, zəngin mədəni irs və möhkəm qardaşlıq bağları üzərində formalaşıb. Bu gün iki ölkə arasında humanitar əlaqələrin genişlənməsi xalqlarımızın bir-birini daha yaxından tanıması, mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təhsil, elm, mədəniyyət və gənclər arasında əməkdaşlıq isə bu münasibətlərin yeni imkanlar qazanmasına şərait yaradır.
Özbəkistanın ali təhsil naziri vəzifəsində çalışmış, hazırda Özbəkistan İqtisadiyyat Universitetinin rektoru olan və Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu çərçivəsində Azərbaycana səfər edən Kongratbay Şaripov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər bütün sahələrdə yüksək səviyyəyə çatıb:
"İlk növbədə qeyd etmək lazımdır ki, iki ölkə prezidentlərinin səyləri və təşəbbüsləri nəticəsində Azərbaycan–Özbəkistan münasibətləri mədəniyyət, tariximizin öyrənilməsi, xüsusilə də təhsil və elm sahələrində daha da inkişaf edib. Bunu mübaliğəsiz demək olar.
Bu gün biz rektorlar forumunu keçiririk. Forumda Özbəkistan və Azərbaycan universitetlərinin rektorları iştirak edirlər. Əsas məqsədimiz iki ölkənin bir-biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirə biləcəyi çoxsaylı işləri müzakirə etməkdir.
Şübhəsiz ki, tələbələrimiz arasında mübadilə proqramlarının təşkili, Azərbaycan universitetlərində təhsil alan özbək tələbələrin sayının artırılması və hər iki ölkədə gənclərin yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu gənclər gələcəkdə iki ölkə arasında körpü rolunu oynayaraq əməkdaşlığımıza xidmət edəcəklər.
İqtisadiyyat Universitetinin rəhbəri kimi qeyd etmək istəyirəm ki, qarşıdakı 3–4 il ərzində bir neçə universitet arasında tələbə mübadiləsi və təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Hazırda İqtisadiyyat Universitetində təxminən 150 azərbaycanlı tələbə təhsil alır.
Bu tələbələr ortaq mədəniyyətimizi, xalqlarımızın mentalitet baxımından yaxınlığını və tariximizin ümumiliyini özləri də hiss edirlər. Gələcəkdə onlar əməkdaşlığımızın inkişafına töhfə verə biləcək mütəxəssislər olacaqlar.
Bizim üçün universitetlərdə və Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı gənclərin mövcudluğu da çox vacibdir. Tələbələrin bir-biri ilə dostluq etməsi, əməkdaşlıq mühitində yetişməsi və gələcəkdə öz bizneslərini qurarkən Azərbaycan və Özbəkistan gənclərinin birgə fəaliyyət göstərməsi hər iki ölkə üçün faydalı olacaq.
Əsas məqsədlərimizdən biri də budur. Son altı ay ərzində iki ölkə prezidentləri arasında beş dəfə görüş və ya təmasın baş tutduğu qeyd olunur. Bu görüşlərdə təhsil, insan kapitalının inkişafı və kadr hazırlığı ilə bağlı irəli sürülən təkliflər bizim üçün istiqamətvericidir.
Universitetlər də bu sahədə təşəbbüslər göstərməli, daha çox azərbaycanlı tələbənin Özbəkistana gəlməsinə şərait yaratmalı, azərbaycanlı professor və müəllimlərlə birgə işləməli, təhsil və elm sahələrində birgə laboratoriyalar və mərkəzlər yaratmalıdırlar. Birgə fəaliyyətimiz iqtisadiyyatımızın inkişafında mühüm rol oynayan amillərdəndir".
Kongratbay Şaripova İngla International Education and Training Centerin fəaliyyətini yüksək dəyərləndirərək qeyd edib ki, Özbəkistanda təhsil alan azərbaycanlı tələbələrin sayı əvvəlki illərlə müqayisədə artıb:
"Beş il əvvəl onların sayı təxminən 10–15 nəfər idisə, hazırda bu istiqamətdə daha geniş imkanlar mövcuddur.
Mən azərbaycanlı tələbələrlə görüşüb söhbətləşdim. Onların təhsil aldıqları mühitə uyğunlaşmaları və qarşılaşdıqları məsələlər barədə danışdıq. Biz azərbaycanlı tələbələr üçün əlaqələr qurmağa və onların təhsil prosesinə uyğunlaşmasına kömək etməyə çalışırıq.
İlk növbədə onların təhsilə daha yaxşı uyğunlaşması vacibdir. Hansı dildə daha rahat təhsil alırlarsa, həmin dildə ünsiyyət və müzakirə qruplarının formalaşdırılması nəzərdə tutulur. İngilis, rus və ya özbək dilində təhsil alan tələbələr üçün müvafiq imkanlar yaradılmalıdır.
Yataqxana məsələsi də olduqca vacibdir. Çünki tələbələrin sosial müdafiəsi və yaşayış şəraiti xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan azərbaycanlı tələbələr üçün yataqxana təminatına, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetiririk. Müxtəlif maraqlı dərnəklər və fəaliyyətlər təşkil etməyi planlaşdırırıq.
Bütün bunların əsas məqsədi gələcəkdə yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Azərbaycana qayıdan tələbələr Özbəkistanda qazandıqları bilik və təcrübədən istifadə edərək ölkəmizin iqtisadiyyatının inkişafına öz töhfələrini verə bilərlər".
19:02 17.10.2026
Oxunuş sayı: 70