Könül Nurullayeva: Füzuli Zəfərimizin, doğma yurda qayıdışın və Qarabağda başlanan yeni həyatın rəmzidir
17 oktyabr Azərbaycanın tarixi yaddaşında xüsusi yer tutan, işğaldan azadlığın və doğma yurda qayıdış ümidinin rəmzinə çevrilən Füzuli Şəhəri Günüdür. 2020-ci il oktyabrın 17-də, Vətən müharibəsinin 21-ci günündə Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu tarix rəsmi olaraq Füzuli Şəhəri Günü təsis edildi. Uzun illər işğal dövründə dağıntılara məruz qalan Füzulidə bu gün bərpa və quruculuq işləri aparılır, yaşayış məntəqələri və sosial infrastruktur yenidən qurulur. 2023-cü il avqustun 18-dən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Füzuli Şəhəri Günü həm azadlıq uğrunda göstərilən qəhrəmanlığın xatırlanması, həm də doğma torpaqda həyatın yenidən canlanmasının qeyd olunması baxımından əlamətdar gündür.
Milli Məclisin deputatı Könül Nurullayeva 17 Oktyabr, Füzuli Şəhəri Günü ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Füzulinin işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri və əhalinin doğma yurda qayıdışı şəhərin inkişafında yeni mərhələ yaradıb: “17 Oktyabr, Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, doğma torpaqlara qayıdışın və Qarabağda başlanan yeni həyatın rəmzidir. 2026-cı ildə Füzulinin işğaldan azad olunmasının altıncı ildönümünü qeyd edirik. Altı il əvvəl qazanılan hərbi Qələbə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə davam edir”.
Könül Nurullayeva Füzuli şəhərinin azad edilməsinin Vətən müharibəsinin gedişində mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi doğma torpaqlara qayıdışa gedən yolda mühüm tarixi mərhələ oldu. Füzuli uğrunda döyüşlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş qabiliyyətini və hərbi əməliyyatların düzgün planlaşdırılmasının əhəmiyyətini nümayiş etdirdi. Şəhərin azad edilməsi Ordumuzun sonrakı irəliləyişinə, xüsusilə Şuşa istiqamətində əməliyyatların davam etdirilməsinə mühüm imkanlar yaratdı”.
Deputatın sözlərinə görə, bu gün Füzulidə aparılan bərpa işləri şəhərin müasir yaşayış məkanına çevrilməsinə xidmət edir: “İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin və infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli müasir şəhərsalma yanaşmaları əsasında yenidən qurulur. Yaşayış kompleksləri, məktəblər və sosial obyektlər sakinlərin rahat və təhlükəsiz həyatının təmin edilməsinə xidmət edir”.
O, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının mərhələli şəkildə davam etdiyini bildirib: “2026-cı ildə Böyük Qayıdış Proqramının birinci mərhələsinin yekunlaşması nəzərdə tutulur. Proqram çərçivəsində Füzuli rayonunda 22 min nəfərin məskunlaşması hədəfi qarşıya qoyulub. Oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb və bu proses davam edir. Əhalinin qayıdışı ilə yanaşı, məşğulluq imkanlarının genişləndirilməsi, sahibkarlığın təşviqi və iqtisadi fəallığın artırılması da əsas prioritetlərdəndir”.
Könül Nurullayeva Füzuli Beynəlxalq Hava Limanının rayonun və bütövlükdə Qarabağın nəqliyyat-logistika imkanlarının genişləndirilməsindəki roluna da diqqət çəkib: “Füzuli Beynəlxalq Hava Limanı regionun beynəlxalq əlaqələrinə və iqtisadi potensialına töhfə verən mühüm strateji layihədir. Hava limanı Qarabağa səfərlərin təşkilində, beynəlxalq nümayəndə heyətlərinin qəbulunda və bölgənin nəqliyyat əlçatanlığının artırılmasında əhəmiyyətli rol oynayır”.
Deputat rayonda enerji, su və yol infrastrukturu sahələrində görülən işlərin də əhəmiyyətini vurğulayıb: “Füzuli yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, eləcə də Köndələnçay su anbarları kompleksi rayonun infrastruktur potensialının gücləndirilməsinə xidmət edir. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının istifadəyə verilməsi isə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və bölgənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
O, Füzulinin dirçəlişinin gənc nəslin doğma torpaqlarla əlaqəsinin möhkəmlənməsi baxımından da əhəmiyyətli olduğunu bildirib: “Qarabağı yalnız valideynlərinin xatirələrindən tanıyan gənclər bu gün həmin torpaqlarda yaşamaq və gələcəklərini qurmaq imkanı əldə edirlər. Bu, tarixi yaddaşın qorunması, milli-mənəvi bağlılığın gücləndirilməsi və bölgənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Nigar Xəlilli
16:00 17.10.2026
Oxunuş sayı: 64