İranın Səudiyyə Ərəbistanına hücumlarda gizli rolu üzə çıxdı
İranın Yəməndə fəaliyyət göstərən husi qüvvələrinə Səudiyyə Ərəbistanına qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirilməsində yardım göstərdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri Səudiyyə Ərəbistanının kəşfiyyat məlumatlarına istinadən yazıb.
Məlumata görə, Tehran husilərə kəşfiyyat məlumatları təqdim edir, raket və pilotsuz uçuş aparatlarının hədəflərə yönləndirilməsinə yardım göstərir, həmçinin silahlı qruplaşmanın döyüşçülərinə təlim keçir.
Nəşrin mənbələrinin iddiasına əsasən, İran iyul ayında Yəmənə zəvvar və nümayəndə heyətlərini daşıdığı bildirilən iki təyyarə göndərib.
Lakin həmin təyyarələrdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitlərinin və silah komponentlərinin də daşındığı iddia edilir.
Bildirilib ki, Səudiyyə Ərəbistanına yaxın qüvvələr ikinci uçuşun qarşısını almaq məqsədilə Yəmənin paytaxtı Sənadakı hava limanına zərbə endirməyə çalışıblar.
Bu hadisənin bölgədə gərginliyin daha da artmasına səbəb olduğu qeyd olunur.
İddiaların müstəqil şəkildə təsdiqləndiyi barədə məlumat verilməyib.
15:29 17.10.2026
Oxunuş sayı: 57