Rusiya və ABŞ arasında böyük iqtisadi anlaşma hazırlığı
Rusiya və ABŞ dizel yanacağının tədarükü ilə yanaşı, enerji, mineral ehtiyatlar və digər strateji sahələrdə birgə layihələri müzakirə edir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı əsasında Vaşinqtonla bir sıra iqtisadi və investisiya layihələri üzrə danışıqlar aparılır.
“Biz əməkdaşlığı davam etdirəcəyik. Çünki ABŞ-yə yalnız uran tədarük edilmir. Gübrə, alüminium və nadir torpaq metallarının ixracını da artırmaq lazımdır”, – deyə Dmitriyev vurğulayıb.
O bildirib ki, ABŞ ilə müzakirə edilən layihələr arasında Arktikada birgə fəaliyyət, enerji sahəsində əməkdaşlıq, mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı və digər istiqamətlər də yer alır.
Dmitriyev həmçinin ABŞ Maliyyə Nazirliyinin Rusiya ilə dizel yanacağı üzrə razılaşmanın həyata keçirilməsinə dəstək göstərilməsi üçün Rusiya Birbaşa İnvestisiyalar Fonduna müraciət etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, Vaşinqton tərəfi xüsusilə ödənişlərin həyata keçirilməsi və razılaşmanın icrası zamanı yaranan texniki məsələlərin həllində fondun köməyini istəyib.
Rusiya rəsmisi qeyd edib ki, dizel yanacağı üzrə razılaşma iki ölkə arasında müzakirə olunan genişmiqyaslı iqtisadi əməkdaşlıq layihələrindən yalnız biridir.
Bununla yanaşı, tərəflər arasında nəzərdən keçirilən digər təşəbbüslərin konkret icra müddətləri və maliyyə şərtləri hələ açıqlanmayıb.
14:18 17.10.2026
Oxunuş sayı: 124