Rusiya vətəndaşı Monteneqroda üç nəfəri öldürüb
Monteneqroda 30 yaşlı Rusiya vətəndaşı Mixail Şabuninin üç nəfərin öldürülməsində şübhəli bilindiyi və polis tərəfindən mühasirəyə alındıqdan sonra intihar etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Monteneqro polisi hadisə ilə bağlı məlumat yayıb.
Üçqat qətlin Danilovqrad şəhəri yaxınlığındakı atıcılıq poliqonunda törədildiyi bildirilir. Şabuninin Podqoritsadan iki və Danilovqraddan bir sakini öldürməkdə şübhəli bilindiyi qeyd olunur.
Polisin məlumatına görə, şübhəli şəxs hadisə yerindən qurbanlardan birinin avtomobili ilə qaçıb, daha sonra taksi ilə Podqoritsadan Herseq-Novi şəhərinə gedib.
RTCG-nin məlumatına görə, taksi sürücüsü gediş haqqını ala bilmədiyi üçün Şabuninin pasportunu və telefonunu götürərək onu şəhərin mərkəzində düşürüb. Şabunin daha sonra kirayə qaldığı mənzilə gedib və oradan qaçaraq Topla ərazisində meşəyə sığınıb.
Polis onu gecə saat 03:35 radələrində meşədə mühasirəyə alıb. Polis idarəsinin rəhbərinin sözlərinə görə, çıxılmaz vəziyyətdə qalan Şabunin hüquq-mühafizə əməkdaşlarına atəş açıb və daha sonra intihar edib.
Qətllərin hansı şəraitdə törədildiyi ilə bağlı araşdırma davam edir.
17:58 01.09.2026
Oxunuş sayı: 57