Süni intellekt xərçəng xəstələrini sağalda bilər
Antibiotiklərə davamlı bakteriyalar gələcəyin deyil, artıq bu günün tibbi təhlükəsidir. Adi dərmanların təsirsiz qala bildiyi infeksiyalarla mübarizədə alimlər indi süni intellektin imkanlarına üz tuturlar. ABŞ-nin “Radical Numerics” şirkətinin məlumatına görə, süni intellekt vasitəsilə layihələndirilmiş və bakteriyaları məhv etmək üçün yaradılmış viruslar ilk dəfə insana eksperimental terapiya çərçivəsində tətbiq olunub. Bu yanaşma antibiotik müqavimətinə qarşı mübarizədə yeni imkanlar yarada bilər. Lakin sınağın nəticələrinin açıqlanmaması və pasiyentin vəziyyəti barədə məlumat verilməməsi texnologiyanın insan orqanizmində nə dərəcədə təhlükəsiz və effektiv olduğu sualını açıq saxlayır.
Tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov Crossmedia.az-a açıqlamasında süni intellektin tibbdə tətbiqi, diaqnostikada rolu və bu texnologiya ilə yaradılan viruslarla bağlı tədqiqatlardan danışıb. O, süni intellektin imkanları ilə yanaşı, bu sahədə insan nəzarətinin vacibliyini də vurğulayıb.

Həkim süni intellektin tibbdə, xüsusilə radiologiyada geniş istifadə olunduğunu bildirib:
“Artıq süni intellekt tibbin bir çox sahələrində geniş tətbiq olunmağa başlayıb. Xüsusilə radiologiyada ondan geniş istifadə edilir və diaqnozların qoyulmasında mühüm rol oynayır. Bununla belə, müəyyən çatışmazlıqlar və səhvlər də mövcuddur”.
Fərid Museyibov süni intellektlə yaradılan viruslarla bağlı araşdırmalara da toxunub:
“Bu sahədə həm ABŞ-də, həm də Avropa ölkələrində tədqiqatlar aparılır. Lakin sözügedən araşdırmalar hələ preklinik mərhələdədir və klinik mərhələyə keçid baş verməyib. Bu cür yaradılan virusların insan orqanizminə daxil olduqda hansı təsirləri göstərəcəyi hələ tam məlum deyil”.
Həkim bu texnologiyaların gələcəkdə onkoloji xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini qeyd edib:
“Ümid edək ki, bu texnologiyalardan müsbət məqsədlər üçün istifadə olunacaq. Xüsusilə, hədəf hüceyrələrə yönələn yanaşmaların inkişafı onkoloji xəstəliklərlə mübarizədə mühüm rol oynaya bilər. Əgər bu istiqamətdə aparılan tədqiqatlar uğurlu nəticələr verərsə, gələcəkdə xərçəng hüceyrələrinin məhv edilməsində yeni imkanlar yarana bilər”.
Fərid Museyibovun sözlərinə görə, bu sahədə tədqiqatların növbəti mərhələlərə keçməsi üçün nəticələrin elmi cəhətdən qiymətləndirilməsi və təhlükəsizliyin təmin olunması vacibdir:
“Süni intellektin imkanları geniş olsa da, bu prosesdə insan amili və nəzarəti mütləq nəzərə alınmalıdır. Çünki bu texnologiyadan istifadə zamanı da səhvlər baş verə bilər. Ümid edək ki, yaxın gələcəkdə tədqiqatlar daha da genişlənəcək və müsbət nəticələr əldə olunacaq”.
Nigar Xəlilli
12:00 26.10.2026
Oxunuş sayı: 76