Fransa Rusiyaya qarşı nüvə planını genişləndirir
Fransa Rusiyanın mümkün hərbi təhdidlərinə qarşı nüvə çəkindirmə imkanlarını gücləndirmək məqsədilə Avropa müttəfiqləri ilə əməkdaşlığı genişləndirir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makronun irəli sürdüyü “Qabaqcıl çəkindirmə” planı nüvə silahı daşımaq qabiliyyətinə malik “Rafale” qırıcılarının Avropanın müxtəlif ölkələrində yerləşdirilməsini nəzərdə tutur.
Plan çərçivəsində yeni hərbi infrastrukturun, rabitə vasitələrinin və erkən xəbərdarlıq sistemlərinin yaradılması, həmçinin müttəfiqlər arasında kəşfiyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.
Bildirilir ki, təşəbbüsün əsas məqsədi Rusiya üçün strateji qeyri-müəyyənlik yaratmaq və mümkün hərbi qarşıdurma zamanı Moskvanın qərar qəbul etməsini çətinləşdirməkdir.
Fransa Prezidentinin strateji məsələlər üzrə müşaviri Ksavye Şatel bildirib ki, yeni yanaşma Rusiyanın nəzərə almalı olduğu əlavə amillər yaradır.
“Bu, rəqib üçün yeni çətinliklər yaradır. Çünki rusiyalıların nəzərə almalı olacağı daha bir mürəkkəblik səviyyəsi əlavə edilir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Fransa nüvə çəkindirmə strategiyasını genişləndirsə də, nüvə silahından istifadə ilə bağlı qərarvermə səlahiyyətini özündə saxlayır.
Bundan əvvəl Fransanın Rusiyadakı səfirliyi Moskvaya ölkənin daxili proseslərinə müdaxilə etməmək tələbi ilə rəsmi nota göndərib. Paris belə müdaxilənin beynəlxalq hüququn pozulması kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.
10:46 26.10.2026
Oxunuş sayı: 54