ŞƏT-in Avropaya açılan qapısı: Azərbaycan
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammitinə dəvət olunması və Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ölkəmizin Böyük Avrasiya məkanında artan geosiyasi rolunu bir daha gündəmə gətirir. ŞƏT-in geniş coğrafiyanı və böyük əhali kütləsini əhatə edən beynəlxalq platforma olması, Azərbaycanın isə Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi ölkəmizin bu təşkilat üçün əhəmiyyətini artırır. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın Mərkəzi Asiya, Türk dünyası və ümumilikdə Avrasiya məkanında fəal xarici siyasət kursunun növbəti göstəricisi kimi qiymətləndirilir.
Bəs Prezidentin Qırğızıstan səfəri və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq Azərbaycan üçün hansı geosiyasi imkanlar yaradır? Ölkəmizin ŞƏT məkanında artan rolu gələcəkdə hansı yeni perspektivlər vəd edir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Azərbaycanın və Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən 25-ci sammitinə dəvət edilməsi ölkəmizə verilən mühüm siyasi qiymətdir: “Azərbaycanın və onun liderinin Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammitinə, Qırğızıstanda keçirilən zirvə toplantısına dəvət edilməsi ölkəmiz üçün yeni geosiyasi aspekt baxımından önəm kəsb edir. Şanxay Əməkdaşlıq Təşkilatının bizim üçün yaxın, dost və qardaş ölkə olan Qırğızıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qırğızıstan həm Türk Dövlətləri Təşkilatının üzvüdür, həm də Mərkəzi Asiyanın açar ölkələrindən biridir. Şanxay Əməkdaşlıq Təşkilatı hazırda həm coğrafiyasına, həm də demoqrafiyasına görə dünyanın ən böyük təşkilatlarından biridir. Azərbaycanın bu təşkilata dəvət edilməsi və Prezidentimizin orada iştirakı ölkəmizə və onun liderinə verilən qiymətdir. Şanxay Əməkdaşlıq Təşkilatının coğrafiyasına baxdıqda, qərbə doğru açılan pəncərə kimi Azərbaycanın stabil və mühüm nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşən ölkə kimi mövqeyini görürük. Böyük Avrasiya və Cənub-Şərqi Asiya coğrafiyası ilə Avropanı birləşdirən, Şərqdən Qərbə gedən əsas nəqliyyat-kommunikasiya xətlərinin üzərində Azərbaycan yerləşir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatının Avropaya çıxışında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Coğrafiyaya daha geniş baxsaq, Sakit okean hövzəsindən başlayan və Böyük Avrasiya regionu, Qafqazlar, Xəzər dənizi hövzəsi, Qara dəniz, Aralıq dənizi və Avropaya qədər uzanan böyük bir məkan görürük. Bu coğrafiyada nəqliyyat-kommunikasiya xətlərinin birləşməsi baxımından Azərbaycanın mövqeyi olduqca mühümdür. Xəzər hövzəsinin və Qafqazların ən önəmli açar ölkəsi olan Azərbaycan üzərindən bu bağlantıların təmin olunması mümkündür. Şanxay Əməkdaşlıq Təşkilatı milyardlarla insanı özündə birləşdirən böyük platformadır. Hindistan, Çin, Qazaxıstan, Qırğızıstan, Pakistan və digər ölkələrin burada üzv kimi təmsil olunması təşkilatın əhəmiyyətini göstərir. Azərbaycanın yenidən bu təşkilatda dəvət edilməsi onu göstərir ki, Böyük Avrasiya coğrafiyasında Azərbaycan qiymətli tərəfdaş kimi qəbul edilir”.

T.Gəncəliyev vurğulayıb ki, Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız coğrafi və nəqliyyat imkanları ilə məhdudlaşmır:
“Burada söhbət təkcə nəqliyyat-kommunikasiya xətlərindən və coğrafiyadan getmir. Azərbaycanın xüsusilə Vətən müharibəsindən sonra üzə çıxan yeni geosiyasi güc kimi təşkilatlarda və beynəlxalq platformalarda öz rolunu artırmasından söhbət gedir. Azərbaycanın çəkisi və gücü onun coğrafiyası, əhalisi və demoqrafiyası ilə yanaşı, apardığı siyasət, qərarvericilik qabiliyyəti və Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri ilə müəyyənləşir. Bu da Şanxay Əməkdaşlıq Təşkilatına əlavə dəyər qatan ölkə kimi Azərbaycanın rolunu gücləndirir. Bu gün daha çox populizm və müəyyən mənada müttəfiqlik elementlərinin zəiflədiyi Avropa İttifaqı, Avropa Şurası kimi institutlardan fərqli olaraq, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar dünya siyasətində daha çox rol oynamağa başlayır. Avropa istiqamətində fəaliyyət göstərən bəzi beynəlxalq institutların uğursuz siyasəti onların nüfuzuna zərbə vurur və dünya siyasətində rolunu azaldır. Qırğızıstan isə bizim üçün qardaş ölkədir və onun Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammitinə ev sahibliyi etməsi təqdirəlayiqdir. Qırğızıstan çoxvektorlu diplomatiya istiqamətində sanki Azərbaycanın yaxın keçmişdə keçdiyi yolu keçir. Azərbaycan da 2013–2014-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub və çoxvektorlu beynəlxalq diplomatiya aparması ölkəmizin gücünün və çəkisinin artmasına səbəb olmuşdu. 2020-ci ildə Vətən müharibəsində qələbəmiz, 2023-cü ildə isə bu müharibənin nəticələrinin möhkəmləndirilməsi yeni reallığın və yeni güc mərkəzinin formalaşmasına səbəb oldu. Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı kimi güclü bir platformanın Azərbaycanı özünə qiymətli tərəfdaş kimi görməsi də ölkəmizin artan geosiyasi çəkisinin göstəricisidir. Beləliklə, biz həm Türk dünyasının inkişafının və güclənməsinin, həm də Şanxay Əməkdaşlıq Təşkilatının əhatə etdiyi Böyük Avrasiya məkanında mühüm proseslərin getdiyinin şahidiyik. Bu məkan dünyanın yeni güc mərkəzlərindən birinə çevrilir və Azərbaycanın da bu təşkilatda, bu coğrafiyada xüsusi rolu və əhəmiyyəti var”.
Zərnigar Hüseynli
18:45 01.09.2026
Oxunuş sayı: 50