Almaniya rus diplomatlarını ölkədən çıxarmağı planlaşdırır
Almaniya hökuməti Leypsiq/Halle hava limanında baş verən dron insidenti ilə əlaqədar rus diplomatlarının ölkədən çıxarılmasını və Rusiyanın Bonndakı baş konsulluğunun bağlanmasını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Məlumata görə, Berlin hava limanında baş verən insidentlə bağlı araşdırmanın nəticələrinə əsasən Rusiyanı məsul tərəf kimi göstərməyə hazırlaşır. Almaniya hökumətinin bu mövqeyinin gün ərzində rəsmi şəkildə açıqlanması gözlənilir.
Nəşrin məlumatına əsasən, mümkün tədbirlər sırasında rus diplomatlarının ölkədən çıxarılması və Rusiyanın Bonndakı baş konsulluğunun fəaliyyətinin dayandırılması da var. Berlindəki Rusiya Evinin bağlanması ehtimalı da müzakirə olunur.
Söhbət avqustun 4-də Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında partlayıcı ilə təchiz edilmiş dronun aşkarlanmasından gedir. Almaniya istintaqının hadisənin arxasında Rusiya xüsusi xidmətlərinin dayandığı qənaətinə gəldiyi barədə bir neçə alman mediası məlumat yayıb. Moskva isə insidentlə bağlı məsuliyyətini rədd edir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful və daxili işlər naziri Aleksandr Dobrindt hadisə ilə bağlı bu gün Berlində birgə mətbuat konfransı keçirəcəklər. Vadeful bu məqsədlə İrlandiyadakı Avropa İttifaqı xarici işlər nazirlərinin görüşünə səfərini yarımçıq saxlayaraq Berlinə qayıdacaq.
Almaniya hökuməti isə hələlik mümkün tədbirlərin konkret siyahısını açıqlamayıb və rəsmi açıqlamadan əvvəl media məlumatlarını şərh etməyəcəyini bildirib.
17:25 01.09.2026
Oxunuş sayı: 47