Hindistan Ermənistanı silahlandırır - müharibə olacaq?
Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığını genişləndirməsi yeni suallar yaradır. Hindistanın “Pralay” taktiki raketlərinin Ermənistana mümkün tədarükü ilə bağlı danışıqlar apardığı bildirilir və bu, İrəvanın artıq “Pinaka”, “ATAGS”, “Akash” və “Swathi” kimi Hindistan istehsalı silah sistemləri əldə etməsi fonunda baş verir.
Məlumata görə, mümkün ixrac variantının uçuş məsafəsinin təxminən 290 kilometr olması nəzərdən keçirilir. Raket tədarükünün reallaşması Cənubi Qafqazda hərbi balans, Ermənistanın silahlanma siyasəti və davam edən sülh prosesinin perspektivləri ilə bağlı müzakirələri daha da aktuallaşdırır.
Politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlamasında Ermənistanın hazırkı mərhələdə silahlanmasının müəyyən suallar doğurduğunu bildirib: “Ermənistanın hazırkı vəziyyətdə silahlanması müəyyən suallar doğurur. Amma biz onu da bilirik ki, Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə bəyan etsə də, regionda müəyyən iddiaları mövcuddur və bunu heç vaxt yaddan çıxarmamalıyıq.
Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduğunu bildirir, hətta bununla bağlı konstitusiyada müəyyən dəyişikliklərin edilməsi barədə bəyanatlar səsləndirir. Lakin eyni zamanda silahlanır və hərbi baxımdan daha güclü oyunçuya çevrilməyə çalışır. Bu isə müəyyən ziddiyyətli görüntü yaradır”.
F.Sadıqov hesab edir ki, Ermənistan regiondakı mövcud güc balansını da nəzərə almalıdır:
“Ermənistan nəzərə almalıdır ki, regionda Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq mövcuddur. Bu reallıq qarşısında Ermənistanın həmin güclərə qarşı çıxış etmək imkanları kifayət qədər məhduddur. Digər tərəfdən, Hindistanın da Ermənistana hərbi dəstək verməkdə maraqları var. Hindistan-Pakistan münasibətlərindəki gərginlik fonunda Dehli regionda özünə hərbi tərəfdaş formalaşdırmağa çalışır. Bu baxımdan Ermənistanın silahlandırılması və hərbi imkanlarının gücləndirilməsi Hindistanın xarici siyasət prioritetlərinə uyğun ola bilər”.

Ekspertin sözlərinə görə, Ermənistanın silahlanması Azərbaycanın müdafiə imkanlarının və hərbi sənaye potensialının mövcud səviyyəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Onun fikrincə, regionda hərbi balansın dəyişdirilməsinə yönələn addımların real nəticəsi tərəflərin malik olduğu imkanlardan asılı olacaq: “Ermənistan başa düşməlidir: Azərbaycanın kifayət qədər hərbi imkanları var və ölkəmiz bundan sonra da daha güclü dövlətə çevriləcək. Azərbaycan artıq bir sıra silah və hərbi texnikaları özü istehsal edir və bu istiqamətdə imkanlarını genişləndirir. Bunu nə Ermənistan, nə də Hindistan yaddan çıxarmamalıdır. Regionda hərbi balansın və Azərbaycanın müdafiə imkanlarının mövcud reallıqları nəzərə alınmadan atılan addımlar gözlənilən nəticəni verməyə bilər”.
Nigar Xəlilli
18:00 01.09.2026
Oxunuş sayı: 51