Ukraynaya 90 milyard avro yardım: Avropa niyə risk etməyə davam edir?
Ukrayna Ali Radasının Avropa İttifaqı ilə 90 milyard avroluq kredit sazişini ratifikasiya etməsi bir daha göstərir ki, Qərb Ukraynaya dəstək siyasətini davam etdirməkdə qərarlıdır. Halbuki üç ildən artıqdır davam edən müharibə Ukraynaya milyardlarla dollar ziyan vurub, ölkənin infrastrukturu dağılıb, iqtisadiyyatı zəifləyib və bu itkilərin bərpasının onillərlə vaxt aparacağı bildirilir.
Belə bir vəziyyətdə əsas sual yaranır: Avropa Ukraynanın bu qədər ağır iqtisadi yük altında olduğunu bildiyi halda niyə hələ də milyardlarla avro ayırmağa davam edir? Bu dəstək yalnız humanitar və siyasi məqsəd daşıyır, yoxsa burada Avropanın öz təhlükəsizlik, iqtisadi və geosiyasi maraqları da var? Ekspertlərin fikrincə, Ukrayna məsələsi artıq təkcə bir ölkənin taleyi deyil, bütövlükdə Avropanın gələcək təhlükəsizlik sistemi və regional balansı ilə bağlı strateji məsələyə çevrilib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:
“Avropa İttifaqı üçün hazırda həyati əhəmiyyət daşıyan əsas məsələ məhz Ukraynanın qalib gəlməsidir. Çünki Ukraynanın qələbəsi Avropa İttifaqının düşdüyü çətin vəziyyətdən çıxmasına müəyyən mənada kömək edə bilər. Eyni zamanda bu, həm də reputasiya məsələsidir. Çünki Avropa İttifaqı uzun müddətdir Ukraynaya kifayət qədər maliyyə və digər dəstəklər ayırıb. İndi isə Ukraynanın çətin vəziyyətə düşməsi və Rusiyanın asanlıqla üstünlük qazanması Avropa üçün çox ciddi problemlər yarada bilər. Məhz buna görə də düşünürəm ki, Avropa İttifaqı zəifləyən Ukraynanın vəziyyətini müəyyən qədər sabitləşdirmək və Rusiyanın gözlənilən güclü zərbələrinin qarşısını almaq üçün Ukraynaya 90 milyard avroluq kredit ayırır. Eyni zamanda Avropada artıq anlayırlar ki, müharibə tədricən həlledici mərhələyə yaxınlaşır və postmüharibə dövründə Ukraynaya ayrılan kreditlər müqabilində Avropa İttifaqı Ukraynada müəyyən güzəştlər və üstünlüklər əldə etməyə çalışacaq”.
Politoloq əlavə edib ki, bu səbəbdən də onlar indidən maksimum şəkildə çalışırlar ki, postmüharibə dövründə Ukraynadan müəyyən maliyyə və iqtisadi dividendlərin geri qaytarılmasını təmin etsinlər: “Əlbəttə ki, bu, Avropa üçün də çox ciddi maliyyə yüküdür. Digər tərəfdən, Ukraynanın itkilərinin hələ də artacağı ehtimal olunur. Çünki Rusiyanın yaxın dövrdə Ukraynaya qarşı daha genişmiqyaslı hücumlar və ağır zərbələr endirəcəyi gözlənilir. Ümumiyyətlə, müharibənin qarşıdakı aylarda daha da şiddətlənməsi ehtimalı yüksəkdir. Artıq böyük şəhərlər də bu müharibənin təsirlərini daha ağır şəkildə hiss edir. Bunun fonunda Ukraynanın müdafiə imkanlarını gücləndirməyə ciddi ehtiyacı var. Yəni Avropa İttifaqının ayırdığı bu 90 milyard avroluq vəsait Ukrayna üçün hava və su qədər vacibdir. Hesab edirəm ki, imzalanan bu maliyyə paketi yalnız Avropa İttifaqının postmüharibə dövründə Ukraynadakı mövqelərini möhkəmləndirməsinə xidmət etməyəcək, eyni zamanda Ukraynanın müharibədə daha davamlı və güclü olmasına da əsas dəstək vasitələrindən biri olacaq”.
Ayhan
17:46 28.05.2026
Oxunuş sayı: 51