2035-də benzin və dizel avtomobillərinə son qoyulur? – Sürücüləri nə gözləyir
Avtomobil bazarında yeni dövrün başlanması gündəmdədir. Azərbaycanın uzunmüddətli aşağıkarbonlu inkişaf hədəfləri çərçivəsində 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması prosesinin planlaşdırılması, 2060-cı ilədək isə sərnişin avtomobil parkının tamamilə elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinə keçirilməsi nəzərdə tutulur. Bu hədəflər ekoloji baxımdan yeni imkanlar vəd etsə də, milyonlarla avtomobil sahibini düşündürən suallar yaradır: Benzin və dizel avtomobillərinin gələcəyi necə olacaq? Elektromobilə keçid vətəndaşlar üçün nə dərəcədə əlçatan olacaq? Bəs mövcud avtomobillərin istismardan çıxarılması hansı şərtlərlə mümkün olacaq? Əsas məsələ isə ekoloji hədəflərlə vətəndaşların iqtisadi imkanları arasında tarazlığın necə qorunacağıdır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması prosesinin planlaşdırılması, 2060-cı ilədək isə elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin sərnişin avtomobil parkındakı payının 100 faizə çatdırılması kifayət qədər ciddi və uzunmüddətli strateji hədəfdir: "İlk növbədə qeyd etmək lazımdır ki, bu qərara yalnız ekoloji baxımdan yanaşmaq düzgün olmazdı. Burada ölkənin iqtisadi imkanları, əhalinin sosial vəziyyəti, avtomobil parkının mövcud strukturu, enerji infrastrukturu, nəqliyyat təhlükəsizliyi və vətəndaşların alıcılıq qabiliyyəti kompleks şəkildə nəzərə alınmalıdır. Əlbəttə, atmosferə atılan zərərli tullantıların azaldılması, şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması və ekoloji cəhətdən daha təmiz nəqliyyat sisteminin formalaşdırılması müsbət və zəruri istiqamətdir. Lakin hər hansı strategiyanın uğurlu olması üçün onun kağız üzərində qəbul edilməsi kifayət deyil. Əsas məsələ həmin strategiyanın real həyat şəraitində necə həyata keçiriləcəyidir. Bu gün Azərbaycanda avtomobil parkının böyük hissəsini benzin və dizel mühərrikli nəqliyyat vasitələri təşkil edir. Ölkədə kifayət qədər yaşı çox olan avtomobillər mövcuddur və əhalinin müəyyən hissəsi maddi imkanlarına uyğun olaraq məhz ikinci əl avtomobillərdən istifadə edir. Belə bir şəraitdə daxili yanma mühərrikli avtomobillərin qısa müddətdə kütləvi şəkildə istismardan çıxarılması nə iqtisadi, nə sosial, nə də texniki baxımdan real görünür. Ancaq burada çox mühüm bir məqamı düzgün izah etmək lazımdır. Strategiyada 2035-ci ilədək bütün benzin və dizel avtomobillərinin istifadəsinin qadağan edilməsi nəzərdə tutulmur. Söhbət həmin tarixədək mərhələli keçid prosesinin ilkin planlaşdırılmasından və elektromobillərin istifadəsinin genişləndirilməsindən gedir. Yəni vətəndaşlar elə düşünməməlidirlər ki, 2035-ci il çatanda onların hazırda istifadə etdikləri avtomobillər avtomatik olaraq yararsız hesab ediləcək, dövlət qeydiyyatından çıxarılacaq və ya yollarda hərəkətinə qadağa qoyulacaq. Belə bir ümumi qadağa hazırkı strategiyada müəyyən edilməyib. Bunun üçün ayrıca hüquqi mexanizmlərin, konkret keçid müddətlərinin və tətbiq qaydalarının hazırlanması tələb olunacaq. Mən hesab edirəm ki, bu prosesin ən düzgün başlanğıcı mövcud avtomobillərin məcburi şəkildə istismardan çıxarılması deyil, ilk növbədə ölkəyə idxal edilən nəqliyyat vasitələrinin ekoloji standartlarının mərhələli şəkildə sərtləşdirilməsi, yüksək emissiyalı və texniki cəhətdən yararsız avtomobillərin sayının azaldılması, eyni zamanda elektrik və digər alternativ enerji ilə işləyən avtomobillərin alınmasının vətəndaşlar üçün daha əlçatan vəziyyətə gətirilməsi olmalıdır. Burada əsas prinsip ondan ibarətdir ki, dövlət vətəndaşa alternativ yaratmadan onun mövcud nəqliyyat vasitəsindən imtina etməsini tələb etməməlidir. Təsəvvür edək ki, bir vətəndaş uzun illər ərzində topladığı vəsait hesabına 12-15 min manat dəyərində avtomobil alıb və həmin avtomobildən həm ailəsinin gündəlik ehtiyacları, həm də işə gedib-gəlmək üçün istifadə edir. Sabah ona bildirilsə ki, avtomobilini dəyişməlisən və daha bahalı elektromobil almalısan, bu, həmin insan üçün ciddi maliyyə yükü yaradacaq. Xüsusilə regionlarda yaşayan, avtomobildən təsərrüfat və gündəlik dolanışıq məqsədilə istifadə edən insanlar üçün bu məsələ daha həssasdır. Ona görə də keçid prosesi sosial ədalət prinsiplərinə əsaslanmalıdır. Vətəndaşların hazırda istifadə etdikləri benzin və dizel avtomobillərinin taleyinə gəldikdə isə, hesab edirəm ki, burada bir neçə mühüm mexanizm nəzərdən keçirilməlidir. Birincisi, texniki cəhətdən saz, təhlükəsizlik tələblərinə cavab verən və müvafiq ekoloji normaları ödəyən avtomobillərin istifadəsi qanunvericiliklə müəyyən ediləcək keçid müddətində davam etdirilə bilər. İkincisi, istismar müddəti çox olan, ətraf mühiti həddindən artıq çirkləndirən və texniki təhlükəsizlik baxımından ciddi risk yaradan nəqliyyat vasitələrinin könüllü utilizasiyası daha geniş təşviq edilməlidir. Üçüncüsü, köhnə avtomobilini utilizasiyaya təqdim edən vətəndaşa yeni və ya daha ekoloji təmiz avtomobil almaq üçün real maliyyə dəstəyi göstərilməlidir. Bu dəstək yalnız simvolik məbləğdən ibarət olmamalıdır. Güzəştli kreditlər, aşağı faizli uzunmüddətli maliyyələşmə, müəyyən vergi və gömrük güzəştləri, ilkin ödənişə dövlət dəstəyi və digər stimullaşdırıcı mexanizmlər nəzərdən keçirilə bilər. Əks halda, vətəndaş köhnə avtomobilindən imtina etsə belə, yenisini almaq imkanına malik olmayacaq. Digər mühüm məsələ elektromobillərin enerji ilə təminatıdır. Bu gün paytaxtın müəyyən ərazilərində enerji doldurma məntəqələri mövcud olsa da, bütövlükdə ölkə üzrə infrastrukturun daha geniş inkişaf etdirilməsinə ehtiyac var. Xüsusilə rayonlarda, kəndlərdə, magistral avtomobil yollarında və yaşayış massivlərində enerji doldurma məntəqələrinin əlçatanlığı təmin edilməlidir. Çünki vətəndaş avtomobil alarkən yalnız onun qiymətini deyil, gündəlik istifadəsinin nə qədər rahat olacağını da düşünür. Əgər insan avtomobilini harada enerji ilə dolduracağını bilmirsə, yaxud bunun üçün uzun məsafə qət etməli və saatlarla gözləməlidirsə, təbii ki, elektromobil almağa tərəddüd edəcək. Digər tərəfdən, çoxmənzilli yaşayış binalarında yaşayan insanların vəziyyəti də nəzərə alınmalıdır. Fərdi həyəti olan vətəndaş avtomobilini müəyyən texniki şərtlər daxilində evində enerji ilə doldura bilər. Lakin çoxmərtəbəli binada yaşayan, şəxsi qarajı və ya ayrılmış dayanacaq yeri olmayan vətəndaş üçün bu imkan daha məhduddur. Ona görə də yeni tikilən yaşayış komplekslərində enerji doldurma infrastrukturunun layihələndirilməsi, mövcud binalarda isə texniki təhlükəsizlik tələblərinə uyğun həllərin yaradılması vacibdir. Eyni zamanda elektrik şəbəkəsinin gücü, pik saatlarda yaranacaq əlavə yüklənmə, enerji tarifləri, yanğın təhlükəsizliyi və texniki xidmət məsələləri əvvəlcədən hesablanmalıdır. Elektromobillərə keçid yalnız avtomobil satışının artırılması demək deyil. Bunun arxasında bütöv bir enerji, servis və təhlükəsizlik sistemi dayanmalıdır. Xüsusilə elektromobillərin batareyalarının istismar müddəti, dəyişdirilmə xərcləri, təkrar emalı, utilizasiyası və ikinci əl bazarındakı dəyəri də diqqətlə araşdırılmalıdır. Vətəndaş avtomobil alarkən bilməlidir ki, beş və ya on ildən sonra həmin avtomobilin batareyasında problem yaranarsa, onu hansı qiymətə və harada təmir etdirə biləcək. Ölkədə bu sahə üzrə ixtisaslaşmış texniki xidmət mərkəzləri, yüksək gərginlik sistemləri ilə işləməyi bacaran mütəxəssislər və təhlükəsiz utilizasiya infrastrukturu inkişaf etdirilməlidir. Burada nəqliyyat təhlükəsizliyi məsələsini də xüsusi vurğulamaq istəyirəm. Avtomobilin elektrik, benzin və ya dizel mühərriki ilə işləməsi onun avtomatik olaraq təhlükəsiz olması demək deyil. Elektrikli avtomobillərin sürətlənmə xüsusiyyətləri, yüksək gərginlik sistemləri, batareyalarının konstruksiyası və qəza zamanı yaranan risklər müəyyən fərqliliklərə malikdir. Buna görə də sürücülərin maarifləndirilməsi, texniki xidmət personalının hazırlanması, qəza-xilasetmə xidmətlərinin xüsusi təlimlər keçməsi və təhlükəsiz idarəetmə proqramlarının müasir avtomobil texnologiyalarına uyğunlaşdırılması vacibdir. Digər tərəfdən, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artması şəhərlərdə tıxac problemini avtomatik həll etməyəcək. Bu gün yollarda hərəkət edən minlərlə benzin və dizel avtomobilini eyni sayda elektromobillə əvəz etsək, atmosferə buraxılan yerli tullantılar azala bilər, lakin yolların buraxıcılıq qabiliyyəti dəyişməyəcək. Tıxac yenə də qalacaq. Ona görə də aşağıkarbonlu nəqliyyat siyasəti yalnız fərdi avtomobillərin mühərrik növünün dəyişdirilməsi ilə məhdudlaşmamalıdır. İctimai nəqliyyatın inkişafı, elektrik avtobuslarının sayının artırılması, metro şəbəkəsinin genişləndirilməsi, avtobusların hərəkətinə üstünlük verilməsi, şəhərsalma siyasətinin düzgün qurulması və insanların şəxsi avtomobildən asılılığının azaldılması da bu strategiyanın əsas istiqamətlərindən olmalıdır. Mənim fikrimcə, dövlət ilk növbədə özünün və dövlətə məxsus müəssisələrin avtomobil parkının yenilənməsində nümunə göstərməlidir. Daha sonra taksi fəaliyyəti, korporativ avtomobil parkları, şəhərdaxili sərnişindaşıma və digər intensiv istifadə olunan nəqliyyat vasitələri üzrə mərhələli keçid mexanizmləri tətbiq edilə bilər. Çünki gündəlik böyük məsafə qət edən nəqliyyat vasitələrinin daha təmiz texnologiyalarla əvəzlənməsi ekoloji baxımdan daha nəzərəçarpan nəticələr verə bilər. Lakin burada da sahibkarların və sürücülərin maliyyə imkanları mütləq nəzərə alınmalıdır. 2060-cı il üçün müəyyən edilmiş 100 faizlik hədəfə gəldikdə isə, bu, kifayət qədər iddialı göstəricidir. Qarşıda uzun müddət olsa da, həmin müddət ərzində avtomobil texnologiyalarının hansı istiqamətdə inkişaf edəcəyini indidən tam dəqiqliklə söyləmək mümkün deyil. Ola bilər ki, gələcəkdə batareya texnologiyaları daha da təkmilləşsin, elektromobillərin qiymətləri aşağı düşsün, enerji doldurma müddəti əhəmiyyətli dərəcədə azalsın və digər alternativ enerji texnologiyaları daha geniş yayılsın. Ona görə də dövlət siyasəti yalnız bir texnologiyadan asılı vəziyyətə düşməməli, elmi və texnoloji yeniliklərə uyğun çevik şəkildə inkişaf etməlidir. Burada daha bir vacib məsələ avtomobillərin bazar dəyəridir. Belə uzunmüddətli strategiyanın elan olunması müəyyən vətəndaşlarda narahatlıq yarada bilər. Bəziləri düşünə bilər ki, artıq benzin və dizel avtomobillərinin qiyməti sürətlə aşağı düşəcək və həmin avtomobilləri satmaq mümkün olmayacaq. Mən hesab edirəm ki, belə nəticə çıxarmaq üçün hələ tezdir. Çünki avtomobil bazarında qiymətlər təkcə dövlətin uzunmüddətli ekoloji hədəflərindən deyil, idxal şərtlərindən, yanacaq qiymətlərindən, avtomobilin texniki vəziyyətindən, ehtiyat hissələrinin əlçatanlığından, alıcılıq qabiliyyətindən və bazardakı tələb-təklif münasibətlərindən asılıdır. Bununla belə, gələcəkdə konkret məhdudiyyətlər və təşviq mexanizmləri müəyyənləşdirildikcə bazarın davranışı da dəyişə bilər. Buna görə də vətəndaşları indidən qorxutmaq, onların avtomobillərinin yaxın illərdə tamamilə dəyərsizləşəcəyini söyləmək düzgün deyil. Ən vacib məsələlərdən biri də ictimaiyyətin vaxtında və düzgün məlumatlandırılmasıdır. İnsanlar bilməlidirlər ki, hansı avtomobillərə, hansı tarixdən etibarən, hansı tələblər tətbiq ediləcək, mövcud avtomobillərdən nə qədər müddət istifadə etmək mümkün olacaq və onların dəyişdirilməsi üçün hansı güzəştlər nəzərdə tutulacaq. Bu suallara konkret cavab verilmədən sərt məhdudiyyətlərin tətbiqi cəmiyyətdə narazılıq yarada bilər. Mən hesab edirəm ki, 2035-ci ilədək Azərbaycanda daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması prosesinin başlanması müəyyən şərtlər daxilində realdır. Lakin həmin tarixədək avtomobil parkının böyük hissəsinin elektrikləşdirilməsi və ya mövcud benzin-dizel avtomobillərinin kütləvi şəkildə istifadədən çıxarılması real görünmür. Bunun üçün həm iqtisadi imkanlar, həm infrastruktur, həm də əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır. Strategiyanın uğuru qadağaların nə qədər sərt olmasından deyil, vətəndaşların yeni nəqliyyat texnologiyalarına keçidinin nə qədər əlçatan və rahat təşkil edilməsindən asılı olacaq. Dövlət elə bir mexanizm formalaşdırmalıdır ki, vətəndaş köhnə avtomobilindən məcburiyyət qarşısında deyil, daha sərfəli, təhlükəsiz və müasir alternativə sahib olduğu üçün könüllü imtina etsin. Əgər elektromobilin alınması münasib qiymətə başa gələcəksə, enerji doldurma infrastrukturu əlçatan olacaqsa, texniki xidmət və ehtiyat hissələri ilə bağlı problemlər aradan qaldırılacaqsa, insanlar özləri tədricən bu avtomobillərə üstünlük verəcəklər. Nəticə etibarilə, əsas məqsəd sadəcə benzin və dizel avtomobillərini yollardan çıxarmaq deyil, daha təhlükəsiz, ekoloji cəhətdən təmiz, iqtisadi baxımdan səmərəli və sosial cəhətdən əlçatan nəqliyyat sistemi yaratmaq olmalıdır. Ən mühüm prinsip isə budur: ekoloji keçidin maliyyə yükü yalnız vətəndaşın üzərinə qoyulmamalıdır. İnsanlara əvvəlcə real alternativ təqdim edilməli, daha sonra mərhələli dəyişikliklər həyata keçirilməlidir. Çünki uğurlu nəqliyyat islahatı insanları avtomobilsiz qoyan deyil, onların daha təhlükəsiz, daha sərfəli və daha təmiz nəqliyyat vasitələrinə çıxışını təmin edən islahatdır".
Nuray Oqtayqızı
18:30 27.10.2026
Oxunuş sayı: 61