Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib
Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və sarsılmaz qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun görüşündə müzalirə aparılıb.
Görüşdə bir neçə gün əvvəl Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş TÜRKPA-nın 15-ci Assambleya Şurasının, eləcə də plenar iclasının uğurla başa çatması xüsusi vurğulanıb.
Tərəflər qardaş türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi, xüsusilə müstəqil və güclü siyasətə sahib Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və sarsılmaz qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, hərbi və parlament sahələrində əməkdaşlığın genişləndirilməsinin Türk dünyasının birliyinin gücləndirilməsinə mühüm töhfə verdiyi və digər qardaş dövlətlər üçün nümunə təşkil etdiyi qeyd olunub. Cənab Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə TÜRKPA-nın Türk dövlətləri arasında parlament diplomatiyasının inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rol xüsusi vurğulanıb. 2027-ci ildə və sonrakı dövrlərdə Assambleyanın fəaliyyətinin daha da genişləndirilməsi, qardaş dövlətlərin qanunvericilik bazalarının yaxınlaşdırılması, birgə layihələrin həyata keçirilməsi və parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan arasında münasibətlərin daha da möhkəmləndirilməsinin, eləcə də qardaş dövlətlərin milli maraqlarının uzlaşdırılması və qarşılıqlı dəstəyin gücləndirilməsinin beynəlxalq münasibətlər sistemində Türk dünyasının mövqeyinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, bir neçə gün sonra keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 13-cü Zirvə Görüşünə hazırlıq və görüşün gündəliyində duran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
TÜRKPA-nın Baş katibi Ramil Həsən səmimi qəbula görə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təşəkkürünü bildirib. O, Azərbaycan-Türkiyə münasibətlərinin və bütövlükdə Türk dünyası arasında əlaqələrin inkişafına, eləcə də parlament diplomatiyasının gücləndirilməsinə göstərdiyi dəstəyə görə cənab Numan Kurtulmuşa və Türkiyə Böyük Millət Məclisinə minnətdarlığını ifadə edib.
17:40 27.10.2026
Oxunuş sayı: 59