Qoruyucu şüşələr telefonu qoruyur - BƏS GÖZLƏRİ?
Smartfonlar artıq yalnız ünsiyyət vasitəsi deyil, gündəlik həyatımızın, işimizin və istirahətimizin ayrılmaz hissəsidir. İnsanlar gün ərzində telefon ekranından xəbərləri izləmək, yazışmaq, video izləmək və müxtəlif işlərini görmək üçün istifadə edirlər. Bu isə ekran qarşısında keçirilən vaxtın getdikcə artmasına səbəb olur.
Telefon istifadəçilərinin diqqət yetirdiyi məsələlərdən biri də cihazın ekranını qorumaq üçün seçilən aksesuarlardır. Bazarda müxtəlif qiymət və xüsusiyyətlərə malik qoruyucu şüşələr təklif olunur. Bəziləri ekranı zərbə və cızıqlardan qorumaq üçün nəzərdə tutulsa da, digərləri əlavə funksiyaları ilə fərqlənir. Xüsusilə gözləri qoruduğu iddia edilən məhsullara maraq artıb.
Telefon ekranından istifadə ilə bağlı müzakirələr yalnız cihazın qorunması ilə məhdudlaşmır. Ekran qarşısında uzun müddət vaxt keçirilməsi və rəqəmsal texnologiyaların gündəlik həyata təsiri göz sağlamlığı mövzusunu da aktuallaşdırır. Bu sahədə müxtəlif məhsulların təqdim etdiyi imkanlarla onların real faydasını fərqləndirmək isə istehlakçılar üçün vacibdir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən cərrah-oftalmoloq
Kəmalə Mustafayeva bildirib ki, telefon və digər rəqəmsal cihazların
ekranlarından yayılan mavi işığın gündəlik istifadə zamanı gözün torlu qişasına
zərər verdiyini göstərən kifayət qədər güclü klinik sübut yoxdur:
“Mavi işıq filtrlərinin göz yorğunluğunu azaltdığı və ya görməni qoruduğu da
elmi tədqiqatlarla inandırıcı şəkildə təsdiqlənməyib. Yəni mavi işıq əleyhinə
şüşə istifadə etmək olar, amma onu göz sağlamlığını qoruyan zəruri vasitə kimi
təqdim etmək düzgün deyil. Çünki tam şəkildə qoruduğu sübuta yetirilməyib. Göz
yorğunluğunun qarşısını almaq üçün daha təsirli üsullar mövcuddur. Telefon
ekranından istifadəni gündəlik həyatımızdan tamamilə çıxarmaq mümkün olmasa da,
göz sağlamlığını qorumaq üçün düzgün vərdişlər formalaşdırmaq mümkündür. Qoruyucu
şüşə seçimi ilə yanaşı, ekran qarşısında keçirilən vaxt, fasilələrin verilməsi,
ekran parlaqlığının düzgün tənzimlənməsi və gözlərin müntəzəm müayinəsi də
əhəmiyyət daşıyır. Unutmayaq ki, heç bir qoruyucu aksesuar sağlamlıqla bağlı
bütün riskləri aradan qaldırmır”.
Həkim qeyd edib ki, uzun müddət telefondan istifadə gözlərdə quruluq, yanma,
batma hissi, qızartı, baş ağrısı və müvəqqəti bulanıq görmə yarada bilər:
“Buna rəqəmsal göz yorğunluğu deyirik. Telefon ekranına diqqətlə baxarkən
insan daha az göz qırpır. Nəticədə göz yaşı təbəqəsi daha tez pozulur, göz
səthində quruluq və diskomfort yaranır. Uzun müddət yaxın məsafəyə fokuslanmaq
da gözlərin fokuslama sistemini yorur. Amma vacib fərq var: göz yorğunluğu ilə
daimi görmə itkisi eyni şey deyil. Ekrandan istifadənin özünün sağlam insanda
birbaşa və daimi torlu qişa zədələnməsi yaratdığı göstərilməyib. Ekrandan
istifadəni dayandırdıqda yaranan yorğunluq və bulanıqlıq çox vaxt azalır.
Uşaqlarda isə vəziyyətə xüsusi diqqət yetirmək lazımdır. Uzun müddət yaxın
məsafədə işləmək və açıq havada az vaxt keçirmək miopiyanın yaranması və
inkişafı ilə əlaqəli ola bilər. Buna görə uşaqlarda ekran vaxtının idarə
olunması və açıq havada olmasına xüsusi diqqət yetirmək lazımdır”.
16:45 27.10.2026
Oxunuş sayı: 341