Putin Finlandiya və Norveç liderləri ilə Ukraynanı müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, Finlandiya Prezidentinin Aparatı bu barədə məlumat yayıb.
Bildirilib ki, telefon danışıqları oktyabrın 20-də Osloda Ukrayna ilə bağlı keçirilən görüşlərin davamı olub.
Danışıqlar Finlandiya və Norveç liderlərinin təşəbbüsü ilə baş tutub və Ukrayna tərəfi ilə razılaşdırılıb.
Tərəflər Ukraynadakı müharibənin başa çatdırılması imkanlarını və Əbu-Dabidə keçirilməsi gözlənilən görüşləri müzakirə ediblər.
Məlumata görə, Stubb və Störe danışıqlarda bütün Avropanın deyil, öz ölkələrinin adından çıxış ediblər.
Finlandiya Prezidenti telefon danışığını açıq və konkret məsələlərə yönəlmiş müzakirə kimi qiymətləndirib.
“Ölkələrimiz Rusiya ilə həmsərhəddir. Bu müharibənin nəticəsi həm bizim, həm də bütün Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Müharibəni başa çatdırmaq üçün birbaşa danışıqlar lazımdır”, – deyə Stubb bildirib.
Qeyd edək ki, “Bloomberg” agentliyi daha əvvəl Putinin Finlandiya və Norveç liderləri ilə telefon danışığı aparacağını xəbər vermişdi.
Bu, Putinin Ukraynanı dəstəkləyən Avropa ölkələrinin liderləri ilə 2025-ci ilin iyulundan bəri ilk birbaşa təmasıdır. Həmin vaxt Rusiya Prezidenti Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparmışdı.
14:57 27.10.2026
Oxunuş sayı: 49