İdeologiya və Liderllik fenomeni xalqın taleyi kimi
Müasir fəlsəfi, politoloji və geosiyasi fikrin ən aktual paradiqmalarından biri – ideologiyanın strukturlaşması və onun real fəaliyyət müstəvisində reallaşmasında Liderlik amilinin həlledici fenomen kimi təsbit edilməsi xüsusi vurğulanır. Belə ki, siyasi müstəvidə Liderlik institutunun ontoloji, aksioloji və geopolitik gücü ideoloji arxitekturanın əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur və liderin funksional fəaliyyəti ideoloji uğurun başlıca fəlsəfi formulunu təşkil edir. Qeyd olunan tezisin ciddi fəlsəfi əsasları vardır və müasir beynəlxalq münasibətlərinin inkişafı bu fikri əsaslı şəkildə təsdiq edir ki, lider və ideologiya fenomeni bilavasitə dövlət və cəmiyyətin inkişafında başlıca amillərdən biri kimi çıxış edir. Mütəxəssislərin mühüm elmi qənaətlərində qeyd olunduğu kimi, ötən əsrin sonlarında xətti və unipolyar dünya nizamının mütləqliyini iddia edən liberal nəzəriyyələr, XXI əsrin sərt, dinamik və transsendent reallıqları qarşısında tab gətirmədi. Son otuz-qırx il ərzində qlobal məkanda cərəyan edən geopolitik, iqtisadi və milli-etnik transformasiyalar göstərdi ki, beynəlxalq sistem dərin tektonik deformasiyalara məruz qalmaqdadır. Əslində bu, qaçılmaz və məntiqi bir proses idi. Çünki bir tərəfdən baş verən qlobal texnoloji tərəqqi, digər tərəfdən isə xalqların və millətlərin özünütəsdiq fəaliyyəti, tarixi identikliyi qoruma uğrunda mübarizəsi və silsilə regional böhranlar müasir sivilizasiyanın ən fundamental problemi kimi gündəmi zəbt etdi.
Hazırda əksər mütəxəssislər bu reallığı bəşər sivilizasiyasının yeni dövrü – xaos və böhran mərhələsi kimi xarakterizə edirlər. Başqa formada qeyd etsək, Yaxın Şərqdən Avrasiyanın mərkəzinə qədər uzanan coğrafiyadakı idarəolunmaz kataklizmlər və kütləvi “identiklik itkisi” universal bir həqiqəti fəlsəfi kontekstdə yenidən gündəmə gətirdi: İdeologiya xalqın taleyidir, bu talenin “gündəlikdə dayanan məsələləri” və perspektiv inkişafı, bilavasitə, liderin düzgün formalaşdırdığı strategiyadan asılıdır. Düzgün təsbit olunmuş ideologiya – milli məfkurə, hər növ mürəkkəb böhran şəraitində ölkəni, xalqı və dövləti mütləq şəkildə tarixi inkişaf və Zəfərə doğru aparmaq iqtidarındadır.
İdeologiyanın Ontoloji Mahiyyəti: Doktrinadan Mənəvi Oriyentirə
Bu kontekstdə problemə elmi-metodoloji prizmadan yanaşdıqda aydın olur ki, ideologiya həm nəzəri, həm də praktiki anlamda sadəcə doktrinaları, doqmaları və ideyaları deskriptiv şəkildə ehtiva edən bəyanatlar toplusu deyildir; əksinə, o, bir millətin tarixi keçmişini, bu gününü və gələcək hədəflərini unikal şəkildə ehtiva edən mənəvi-siyasi oriyentir, eləcə də milli idealları müəyyən edən strateji “hakimiyyət əzminin” təzahür aktıdır.
Lakin elmi müşahidələr və politoloji təhlillər göstərir ki, bu mənəvi oriyentirin qlobal xaosdan rasional nizama istiqamətləndirilməsi və onun daxili struktur elementlərinin dinamik şəkildə hərəkətə gəlməsi bilavasitə həmin məfkurəni təsbit edən və ona praktiki güc verən Lider amilindən, onun xarizmatik şəxsiyyətindən asılıdır. Ona görə də mübaliğəsiz qeyd edə bilərik ki, fəlsəfi-geopolitik anlamda Lider – ideoloji arxetipi zamanın çağırışlarına uyğun olaraq yenidən vizuallaşdıra bilən, tarixi zərurəti subyektiv iradənin sarsılmaz qətiyyəti ilə vahid müstəvidə birləşdirən universal geosiyasi strateqdir. Məhz bu mənada müasir dünyada liderliyin qarşısında duran fundamental vəzifələrdən biri dövlət quruculuğunda sekulyar xətti düzgün təsbit etməklə, ideoloji kursu dünyəvilik və mənəvi dəyərlərin dialektik vəhdətinin reallaşdırılması kontekstində həyata keçirmək siyasətindən ibarətdir.
Sekulyarizm və Mənəvi İdentiklik: Dialektik Sintez
Nəzəri-fəlsəfi yanaşmalar təsdiq edir ki, müasir dövlət quruculuğunda Liderin qarşısında duran ən mürəkkəb vəzifə dünyəvilik (sekulyarizm) ilə milli-mənəvi və dini dəyərlərin harmonik sintezini təmin etməkdir. Qərb siyasi ənənəsində bu məsələ vaxtilə tarixi inkişafın təbii gedişatında öz konseptual həllini tapsa da, xüsusilə Yaxın Şərq regionunda və onunla həmsərhəd olan geopolitik areallarda İdeoloji problem kimi zaman-zaman kəskin şəkildə aktuallaşır. Fakt budur ki, bu iki qütbün süni şəkildə “ideoloji risklər” yaradan xarici və daxili təsisatlar tərəfindən radikallaşdırılması və qarşıdurma müstəvisinə gətirilməsi cəmiyyətləri daxili kataklizmlərə və geriyədönməz böhranlara sürükləyir. Ətraf coğrafiyalarda yaşanan geosiyasi və sosiokültürəl böhranlar bunun əyani və acı nümunəsidir.
Belə bir mürəkkəb şəraitdə fundamental bir sual aktuallaşır: Qeyd olunan qlobal sistem böhranlarından və ideoloji risklərdən necə yayınmaq mümkündür və bu prosesdə Lider və İdeologiya fenomeninin rolu nədən ibarətdir?
Müasir politoloji fikrə görə, Liderin ideoloji sferadakı fəaliyyəti iki fundamental istiqamətdə təzahür edir: Mütərəqqi dünyəvilik (sekulyarizm) və mənəvi identikliyin qorunması.
Birincisi, mütərəqqi dünyəvilik və sekulyarizmdir. Bu kontekstdə ölkəmizdə həyata keçirilən İdeoloji kurs və Lider fenomeninin vəhdəti xüsusi aktuallıq kəsb edir. Faktların nəzəri təhlili göstərir ki, məhz azərbaycançılıq ideologiyasının gücü və onun rasional konstruksiyası sayəsində Azərbaycan, Qərb və Şərq sivilizasiyalarının intellektual dialoq mərkəzinə çevrilərək multikulturalizmi və tolerantlığı hüquqi-siyasi normaya yüksəltmişdir. Yəni Liderliyin və İdeologiyanın əsas gücü vahid məqsədə – milli maraqların müdafiəsinə və cəmiyyətin davamlı inkişafına xidmət edir. Dünyəvilik ölkəmizdə mənəviyyatın inkarı deyil; əksinə, bütün inancların sərbəst və dinc birgəyaşayışının təminatı kimi cəmiyyətin əsas funksional təməlini təşkil edir. Burada “funksional” ifadəsinin xüsusi seçilməsi onunla bağlıdır ki, Azərbaycanın həyata keçirdiyi dünyəvi model həm Qərb ənənəsindən, həm də Şərq reallığından köklü şəkildə fərqlənir. Azərbaycan modelində dünyəviliyin daxili strukturunda, kommunikativ anlamda, tarixi-ənənəvi dəyərlər və inanc sistemi dünyəvilik prinsipləri ilə ziddiyyət təşkil etmədən, azad şəkildə ifadə olunmaq imkanı qazanır.
İkincisi isə mənəvi identikliyin qorunmasıdır. Bu sferada Lider, qloballaşmanın gətirdiyi unifikasiya və mədəni deqradasiya dalğasına qarşı məhz milli maraqları, tarixi yaddaşı və ailə institutunu dövlətin başlıca varlıq şərti kimi irəli sürür. Fəlsəfi və sosioloji ədəbiyyatda bu yanaşma cəmiyyəti daxildən sarsılmağa qoymayan mənəvi immunitet rolunda çıxış edən dəyərlər toplusu kimi xarakterizə olunur.
Azərbaycanın dövlət fəlsəfəsində Lider bu iki prinsipi qarşıdurma şəklində deyil, dialektik vəhdət mexanizmində birləşdirərək idarəetmə sistemində dialoji və sabit mühiti formalaşdırmağa nail olmuşdur. Məhz bu mənada, həm Azərbaycanın dövlət ideologiyası, həm də onun təqdim etdiyi dünyəvilik modeli öz fəlsəfi fərqliliyi və praktik effektivliyi ilə unikaldır.
Azərbaycançılıq Məfkurəsi İdeoloji təməl kimi
Azərbaycanın müasir dövlətçilik və ideologiya fəlsəfəsinin ontoloji təməli bilavasitə Ulu Öndər Heydər Əliyevin adı, siyasi fəlsəfəsi və geosiyasi dühası ilə bağlıdır. Heydər Əliyev fenomeninin fəlsəfi böyüklüyü ondadır ki, o, hələ Sovet totalitar rejiminin monolit sərt ideoloji çərçivələri daxilində fəaliyyət göstərərkən belə, milli Azərbaycançılıq məfkurəsinin təməllərini atmağı bacarmışdı. Ümummilli Lider çox gözəl bilirdi ki, ideologiya xalqın taleyidirsə, bu taleyi formalaşdıracaq intellektual və struktur bazis milli kadr potensialıdır. Məhz onun strateji uzaqgörənliyi sayəsində təhsildə, elmdə, səhiyyədə, iqtisadiyyatda və təhlükəsizlik sferasında yetişdirilən milli elita, gələcək müstəqil Azərbaycanın ideoloji və institusional sütunlarını təşkil etdi. Müstəqilliyin ilk illərində ölkəni parçalanmaqdan və milli fəlakətdən xilas edən Ulu Öndər, Azərbaycançılıq məfkurəsi ətrafında xalqı birləşdirərək ideologiyamızı modern bir siyasi-fəlsəfi sistem kimi təsbit etdi və onu inkişafımızın ana doktrinasına çevirdi.
VIII Qurultay – İdeologiyamızın nəzəri və praktik determinizmi
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli ideoloji xətti yeni bir təkamül və inkişaf mərhələsinə qədim qoymuşdur. Nəzəri təhlillər göstərir ki, dövlət başçısının formalaşdırdığı ideoloji paradiqmalar təkcə lokal xarakter daşımır; əksinə, bu yeni inkişaf hədəfləri regional və qlobal miqyasda geosiyasi nizamın fundamental prinsiplərini əhatə edir. Bu dövrün tarixi və qlobal mahiyyəti onunla bağlıdır ki, Azərbaycan Şərq-Qərb dialoqunun və əməkdaşlığının mərkəzinə çevrilmiş, ardınca isə çevik siyasət və güclü ideoloji strategiya hesabına tarixi torpaqlarımız işğaldan azad edilmişdir. Son yarım əsrlik dünya tarixində bu miqyasda və bu formatda ikinci bir tarixi uğura rast gəlinməmişdir. Təbii ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər Strategiyası ideoloji olaraq yalnız hərbi-diplomatik sferanı deyil, bütövlükdə ideologiyanın nəzəri və praktik determinizminin dialektik vəhdətini ehtiva edir.
Suverenliyin tam bərpa olunması ilə Qarabağ və Şərqi Zəngəzur yeni strateji quruculuq məkanına çevrilmişdir. Vətən müharibəsindən sonra region ölkələri ilə münasibətlər tamamilə yeni, pozitiv və əməkdaşlığa söykənən istiqamətdə inkişaf etmişdir. Prezident İlham Əliyevin ideoloji paradiqmaları həm dünyada, həm də regionda əsrimizin yeni geosiyasi reallıqlarını yaratmış, Vaşinqton platforması daxil olmaqla sülh müddəalarının məhz Azərbaycanın prinsipləri əsasında formalaşmasını şərtləndirmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfər ideoloji sistemin praktiki və əməli müstəvidəki ən böyük təsdiqidir. Çünki istənilən ideologiyanın real gücü onun tətbiqində və doğurduğu konkret nəticədədir. Bu mənada, Qarabağ və Şərqi Zəngəzur hazırda sadəcə coğrafi bərpa məkanı deyil, yeni intellektual, texnoloji və ekoloji quruculuq konsepsiyasının, fəlsəfi konstruksiyasının real təzahürüdür. Bu reallıq bir daha təsdiq edir ki, ideologiyanın formalaşmasında Lider amili müstəsna rol oynayır; belə ki, subyektin güclü iradəsi, rasional və praqmatik qərarları sayəsində kollektiv zəka və milli hədəflər bütöv bir strateji konstruksiyaya çevrilərək (sinerji yaradaraq) tarixi uğuru şərtləndirir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d, dosent. Şölət Zeynalov
12:42 27.10.2026
Oxunuş sayı: 129