Çin Hindistanın sərhəd razılaşmalarının pozulması ilə bağlı ittihamlarını rədd edib
Çin Hindistanın mübahisəli sərhəd bölgəsində hərbi razılaşmaların pozulması ilə bağlı ittihamlarını rədd edərək, hərbçilərinin fəaliyyətini adi patrul xidməti kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyakun oktyabrın 26-da keçirdiyi brifinqdə bu barədə açıqlama verib.
Hindistan tərəfi Çin hərbi bölmələrinin zaman-zaman müəyyən edilmiş patrul marşrutlarından kənara çıxdığını və bunun sərhəd bölgəsində gərginliyə səbəb olduğunu bildirib.
Pekin isə bu iddialarla razılaşmayaraq mövcud razılaşmalara əməl etdiyini bəyan edib.
Qo Tsyakun qeyd edib ki, Çin sərhəd bölgələrində ərazi suverenliyini və sabitliyi qorumaq məqsədilə adi patrul və nəzarət fəaliyyəti həyata keçirir.
Onun sözlərinə görə, Çin və Hindistan diplomatik və hərbi kanallar vasitəsilə əlaqələri davam etdirirlər.
Nazirlik rəsmisi Hindistanı əldə olunmuş razılaşmaların birgə icrasına və sərhəddə sülhün qorunması üçün konkret addımlar atmağa çağırıb.
Qeyd edək ki, tərəflər arasında sərhəd mübahisələri münasibətlərin normallaşdırılması və birbaşa hava əlaqələrinin bərpası istiqamətində səylərin davam etdiyi dövrdə yenidən gündəmə gəlib.
15:19 27.10.2026
Oxunuş sayı: 44