Baş ağrısından oynaq sızısına - Hava dəyişəndə niyə özümüzü pis hiss edirik?
Hava dəyişir, temperatur aşağı düşür, atmosfer təzyiqi yüksəlir və ya azalır. Bəzi insanlar bu dəyişiklikləri adi hal kimi qarşılayır, digərləri isə baş ağrısı, halsızlıq, oynaq ağrıları, yuxululuq və təzyiq dəyişiklikləri ilə üzləşirlər. Hətta bəziləri yağış yağmamışdan və ya külək başlamamışdan əvvəl özlərini narahat hiss etdiklərini bildirirlər. Bir sözlə, hava proqnozu dəyişməmişdən əvvəl onların orqanizmi sanki xəbərdarlıq siqnalı verir.
Meteohəssaslıq adlandırılan bu hal cəmiyyətdə geniş müzakirə olunsa da, onun səbəbləri hər zaman aydın olmur. Bəs hava şəraitindəki dəyişikliklər insan orqanizminə həqiqətən bu qədər təsir edə bilərmi? Meteohəssaslıq ayrıca xəstəlik hesab olunur, yoxsa müəyyən sağlamlıq problemləri ilə əlaqəli əlamətdir? Ən əsası, kimlər hava dəyişikliklərinə daha həssas olur və bu vəziyyətin təsirlərini azaltmaq mümkündürmü?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən terapevt Zakir Quliyev bildirib ki, meteohəssaslıq hava dəyişəndə insanın özünü daha pis hiss etməsinə deyilir: "Temperatur, rütubət və atmosfer təzyiqi dəyişəndə bəzi insanlarda baş və ya oynaq ağrıları arta bilər. Adətən ayrıca xəstəlik diaqnozu sayılmır; hava mövcud bir şikayəti tətikləyə bilər. Bu isə hiss edilən narahatlığın uydurma olduğu demək deyil.

Daha çox miqreni, artriti və xroniki oynaq ağrıları olan insanlar belə həssaslıq bildirirlər. Amma bu xəstəlikləri olan hər kəs havadan təsirlənmir. Niyə bəzi insanların daha həssas olduğu tam aydın deyil və araşdırmaların nəticələri də həmişə eyni deyil.
Yuxusuzluq, stress və susuz qalmaq da şikayətləri gücləndirə bilər. Ona görə hər halsızlığı və baş ağrısını havaya bağlamaq düzgün deyil. Şikayətlərin tez-tez təkrarlanırsa, səbəbini həkimlə araşdırmaq faydalıdır. Bir neçə həftə özünü necə hiss etdiyini, yuxunu və hava şəraitini qeyd etmək əlaqənin olub-olmadığını anlamağa kömək edə bilər".
Nuray Oqtayqızı
15:45 27.10.2026
Oxunuş sayı: 267