Bir anlıq zarafat, bir ömürlük peşmanlıq - Gülüşlər niyə qanlı davaya çevrilir?
Bəzən dostlar arasında gülüşlə başlayan adi bir zarafat gözlənilmədən mübahisəyə, təhqirə, hətta fiziki zorakılığa çevrilir. Bir neçə dəqiqə əvvəl birlikdə gülən insanlar anidən qarşı-qarşıya dayanır, kiçik bir söz və ya yanlış anlaşılma ciddi qarşıdurmaya səbəb olur. Xüsusilə dost məclislərində və spirtli içki qəbul edilən mühitlərdə belə hadisələrin baş verməsi aqressiv davranışların cəmiyyətdəki səbəblərini yenidən gündəmə gətirir. Bəzən bir anlıq qəzəb illərlə davam edən münasibətləri pozur, bəzi hallarda isə daha ağır nəticələrə yol açır. Bu cür hadisələr təkcə fərdi davranış problemi deyil, həm də insanların emosiyalarını idarə etmək bacarığı, münaqişə mədəniyyəti və sosial mühitlə bağlı ciddi suallar yaradır.
Dostlar arasında adi zarafatın fiziki zorakılığa çevrilməsi cəmiyyətdə hansı sosial problemlərdən xəbər verir?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, şübhəsiz, insanların məclislərdə, kollektiv içində anormal davranışlarına səbəb olan əsas amillərdən biri spirtli içkidir: "Spirtli içki qəbul edən insan özünü idarə etməkdə bəzən əziyyət çəkir. Hamı buna dəfələrlə şahidi olub. İkinci məsələ, insanların zarafat edə bilməsidir. Zarafat özü intellektual əxlaqi bacarıqdır. Hər adam zarafat edə bilmir. Bəzən yersiz zarafatlar dava-dalaşa səbəb olur. Ona görə ki, o zarafat edən şəxsin intellektual səviyyəsi aşağıdır, dünya görüşü zəifdir. O başa düşmür ki, qarşısındakı insanı təhqir etmək olmaz. Bu da ikinci mühüm məsələ. Üçüncü mühüm məsələ bəzi insanların ümumiyyətlə xarakter etibarilə aqressiv olmasıdır. Onlar zarafat götürmürlər, zarafat qəbul etmirlər, neqativ adamlardırlar. Əgər bir adam neqativdirsə, zarafat götürmürsə ümumiyyətlə, qapalıdırsa, onunla zarafat etməyə dəyməz.
Amma bütün bunlardan daha vacibi nədir? Nəyə görə yüngül zarafatlar bəzən dava-dalaşa, hətta cinayətə, qətlə səbəb olur? Çünki həmin insanların mənəvi fundamenti zəifdir. Mənəvi bünövrəsi zəif olan adam rahatlıqla cinayətə əl atır. İnsanı cinayətdən saxlayan əsas amil mənəviyyatdır. Mənəviyyat da bir günə düzəlmir. Uşaq vaxtından insan o mənəvi mühitdə böyüməlidir, o mənəvi qidanı almalıdır.
Tərbiyə proyekt deyil, prosesdir. Yəni bir-iki aylıq məsələ deyil, uzunmüddətli və bitib-tükənməyən prosesdir. Hətta deyərdim, tərbiyə insan ölənə qədər hər gün davam edir, insan nəyisə öyrənir, özünü əxlaqi baxımdan formalaşdırır.
Bir adam heç bir əxlaqi bünövrəyə sahib deyilsə, o insan adi zarafatdan belə qətl törədə bilər, cinayət törədə bilər. Bax bu mühüm dörd mühüm məqamı nəzərdə tutmalıyıq".
Nuray Oqtayqızı
18:30 27.10.2026
Oxunuş sayı: 50