İsrail ordusunun əməliyyatı Hebronda 5 minə yaxın fələstinlini didərgin salıb
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin Hebron şəhərində keçirdiyi hərbi əməliyyat nəticəsində 4 969 fələstinli evindən didərgin düşüb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə Hebron bələdiyyəsinin yaydığı məlumata istinadən xəbər yayıb.
Məlumata görə, hərbi əməliyyat beşinci gündür davam edir. Cümə günündən başlayan əməliyyat nəticəsində Deir Bahha və əl-Cilda ərazilərində yaşayan 780 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.
Didərgin düşənlər arasında 336 körpə, 441 yaşlı şəxs, hamilə və ya körpəsini əmizdirən 216 qadın, 44 əlilliyi olan şəxs və xroniki xəstəliklərdən əziyyət çəkən 312 nəfər var.
İsrail ordusu cümə günündən etibarən Hebron şəhərinin və ətraf kəndlərin bütün girişlərini bağlayıb. Bu addım iki israilli hərbçinin ölümü ilə nəticələnən silahlı hücumdan sonra atılıb.
“Anadolu” agentliyinin yaydığı görüntülərdə əl-Cilda dairəsi yaxınlığındakı hərbi keçid məntəqələrində fələstinlilərin saxlanıldığı, axtarışa məruz qaldığı və onlarla kobud rəftar edildiyi əks olunub.
Şahidlərin sözlərinə görə, İsrail hərbçiləri Ein Deir Bahha ərazisinə əlavə qüvvələr göndərib, bir neçə fələstinlinin binasını ələ keçirərək hərbi mövqelərə çeviriblər.
Fələstinli Məhbuslar Cəmiyyətinin məlumatına görə, cümə günündən bəri Hebron quberniyasında 85 fələstinli saxlanılıb.
19:01 27.10.2026
Oxunuş sayı: 44