Bitcoin-də 80 min dollar çöküşü: Keçici korreksiya, yoksa böyük böhranın başlanğıcı?
Kriptovalyuta bazarının flaqmanı olan Bitcoin-in qiymətinin psixoloji və strateji baxımdan kritik sayılan 80 min dollar həddindən aşağı düşməsi qlobal maliyyə birjalarında böyük ajiotaj yaradıb. Bu kəskin ucuzlaşma təkcə kripto dünyasının daxili problemləri ilə deyil, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətindəki sərt gözləntilər, investorların riskli aktivlərdən kütləvi qaçışı və son dövrlər süni intellekt (AI) sektoruna qoyulan nəhəng investisiyaların gəlirliliyi ətrafında yaranan ciddi şübhələrlə birbaşa bağlıdır. ABŞ-də spot Bitcoin birja fondlarından (ETF) yalnız iki gün ərzində 772.4 milyon dollarlıq nəhəng kapitalın çıxması bazarda həyəcan təbillasını çalmağa kifayət edib.
Bu kritik maliyyə silkələnməsi fonunda cəmiyyəti və investorları narahat edən ən əsas suallar bunlardır: Bitcoin-in 80 min dollardan aşağı enməsi sadəcə müvəqqəti bir bazar reaksiyası və qazancın realizəsidir, yoksa kriptovalyuta bazarında daha dərin, struktur bir böhranın ilk işartılarıdır? FED-in gözlənilən faiz qərarları və süni intellekt sektorundakı maliyyə dalğalanmaları qiymətlərin gələcək dinamikasına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad elmləri doktoru Aqil Əsədov qiymət enişinin təməl səbəblərini, ETF-lərdən vəsait axınını və makroiqtisadi riskləri dərindən şərh edib:

"Bitcoin-in qiymətinin 80 min dollar həddindən aşağı enməsini yalnız kriptovalyuta bazarına xas lokal hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Bu proses qlobal maliyyə bazarlarında risk iştahının dəyişməsi, FED-in pul siyasəti ilə bağlı gözləntilər və texnologiya şirkətlərinin, xüsusilə süni intellekt sektorunun gələcək gəlirliliyi ətrafında yaranan qeyri-müəyyənliklərlə bağlıdır. Burada əsas məsələ qiymətin nə qədər aşağı düşməsi deyil, bu enişin hansı fundamental səbəblərdən qaynaqlanması və bazarın sonradan necə davranmasıdır. Əgər satışlar əsasən faiz gözləntiləri və investorların mənfəəti realizə etməsi ilə bağlıdırsa, müvəqqəti korreksiya ehtimalı yüksəkdir. Lakin eniş uzunmüddətli kapital axınlarının zəifləməsi, leverecin həddindən artıq artması və etimadın itirilməsi ilə müşayiət olunarsa, daha dərin bazar böhranından danışmaq üçün əsas yaranar. Günümüzə olan məlumatlara görə, 80 min dollar səviyyəsindən aşağı düşmə bir neçə amilin eyni vaxtda təsiri ilə baş verib".
İqtisadçı alim inflyasiya təzyiqləri, FED-in faiz gözləntiləri və ETF-lərdən rekord vəsait çıxarılmasını rəqəmlərlə diqqətə çatdırıb:
"İnflyasiyanın yüksək qalması faizlərin uzun müddət yüksək saxlanılması və ya gələcəkdə yenidən artırılması ehtimalını gücləndirir. Bu, investorların riskli aktivlərə marağını azaldır. 'Reuters'in iqtisadçılar arasında keçirdiyi 20 oktyabr tarixli sorğu da oktyabr iclasında faizlərin saxlanılması, dekabrda isə artım ehtimalının yüksəlməsi ilə bağlı gözləntiləri əks etdirir. 'Bloomberg'in məlumatlarına istinadən, ABŞ-da spot Bitcoin birja fondundan (ETF) cümə axşamı və cümə günləri ümumilikdə təxminən 772.4 milyon dollar xalis vəsait çıxışı qeydə alınıb. Bu, əvvəlki günlərdəki güclü daxilolmalardan sonra bazarda investor mövqelərinin köklü şəkildə dəyişdiyini göstərir".
Aqil Əsədov süni intellekt sektorundakı risqlərin Bitcoin-ə dolayısı və birbaşa təsirlərini, eləcə də gələcək ssenariləri izah edərək fikrini yekunlaşdırıb:
"İri texnologiya şirkətlərinin investorları süni intellektə yönəltdiyi böyük investisiyaların nə dərəcədə gəlir gətirəcəyini qiymətləndirirlər. Texnologiya səhmlərinin ucuzlaşması riskli aktivlərə ümumi tələbi zəiflədə və Bitcoin-ə də təzyiq göstərə bilər. Süni intellekt infrastrukturu üçün böyük kapital qoyuluşlarının gözlənilən gəliri təmin etməməsi investorların texnologiya sektoruna münasibətini dəyişə bilər. Borcla maliyyələşdirilən layihələrdə risklərin artması ümumi maliyyə şərtlərini sərtləşdirə və kriptovalyutalara ayrılan vəsaitləri azalda bilər.
Hazırkı mərhələdə Bitcoin-in ucuzlaşmasını avtomatik olaraq uzunmüddətli böhran hesab etmək düzgün deyil. Hazırkı vəziyyəti artıq baş vermiş struktur böhran kimi qiymətləndirmək üçün əsaslar kifayət deyil. Daha düzgün yanaşma müşahidə edilən enişi makroiqtisadi və maliyyə risklərinin artdığı, bazarın yeni tarazlıq axtardığı mərhələ kimi nəzərdən keçirməkdir. FED-in qərarı gözləniləndən daha yumşaq olarsa, inflyasiya təzyiqləri zəifləyərsə və ETF-lərə kapital axını bərpa olunarsa, Bitcoin yenidən bahalaşa bilər. Əks halda, faizlərin yüksək qalması, dolların möhkəmlənməsi və fondlardan davamlı vəsait çıxışı qiymətlərin daha da enməsi riskini saxlayır".
Zeynəb Həsən
19:50 27.10.2026
Oxunuş sayı: 49