“Təməl dalğıc kursu”nu başa vuranlara sertifikatlar təqdim olunub
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Təməl dalğıc kursu”nun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Crossmedia.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.
Qeyd edilib ki, kurs müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, sualtı texniki işlər, axtarış, batmış obyektin su üzərinə qaldırılması, gəmi altına baxış və digər praktiki dalğıc bacarıqlarını əldə ediblər.
Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
11:43 18.07.2026
Oxunuş sayı: 58