Qazax Vaqif Poeziya Günlərinə ev sahibliyi edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günləri iyulun 16-da Qazaxda – böyük şair Molla Pənah Vaqifin doğma yurdunda başlayıb.
Crossmedia.az xəbər verir ki, "Sözün hekayəsi" şüarı ilə keçirilən tədbirlərin məqsədi Molla Pənah Vaqifin zəngin ədəbi irsini yaşatmaq, milli ədəbi dəyərləri qorumaq və müasir ədəbi proseslərin inkişafına töhfə verməkdir.
Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərindəki Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqif və Molla Vəli Vidadinin heykəlləri önünə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.
Qazax Ədəbiyyat Muzeyində keçirilən mərasimdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal xatırladıb ki, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada qoyulub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, AYB-nin katibi İlqar Fəhmi və digər çıxışçılar Vaqif irsinin təbliğinin əhəmiyyətindən, işğaldan azad olunmuş ərazilərdə mədəni həyatın bərpasından və poeziya günlərinin milli-mədəni dəyərindən danışıblar.
Tədbir bədii proqramla davam edib.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi iyulun 17-də Şuşada, Molla Pənah Vaqifin məqbərə kompleksi önündə keçiriləcək.
09:54 17.07.2026
Oxunuş sayı: 62