Azərbaycanlıların olduğu gəminin vurulması BMT-də məsələ kimi qaldırılmalıdır
Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisinin dron hücumuna məruz qalması beynəlxalq dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib. Hadisənin diqqət çəkən məqamlarından biri isə gəmi heyətinin tərkibində Azərbaycan vətəndaşlarının da olmasıdır. Mülki gəminin hədəfə alınması beynəlxalq humanitar hüququn və dəniz naviqasiyasının təhlükəsizliyi baxımından ciddi suallar doğurur. Bəs Azərbaycan vətəndaşlarının olduğu mülki gəmiyə edilən bu hücum beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində necə qiymətləndirilməlidir? Rəsmi Bakı baş verən hadisə ilə bağlı hansı diplomatik və hüquqi addımları ata bilər?
Politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukraynanın Odessa sahillərində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisinə dron hücumu, xüsusilə də Azərbaycan vətəndaşlarının orada olması faktı, bir neçə mühüm siyasi və hüquqi aspektdən qiymətləndirilməlidir: "Görünən odur ki, burada ciddi Beynəlxalq hüquq pozuntusu var. Yəni mülki gəmilərə hücum, dəniz hüququnun və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Bu, həm də Qara dənizdə ticarət marşrutlarının təhlükəsizliyinə ciddi təhdid yaradır. Hücum, Qara dənizdə gərginliyin daha da artmasına səbəb ola bilər. Bu, həm də Ukrayna müharibəsinin təsirlərinin genişlənməsinə səbəb ola bilər".

Politoloq qeyd edib ki, bu kimi hadisələrdə ölkəmiz vətəndaşlarına, çox həsas yanaşır: "Əminəm ki, Azərbaycan hökuməti, vətəndaşlarının təhlükəsizliyi ilə bağlı dərhal diplomatik kanallar vasitəsilə araşdırma tələb edəcək. Ehtimal ki, Türkiyə ilə koordinasiyada hadisənin beynəlxalq müstəvidə gündəmə gətirilməsi, BMT və digər platformalarda məsələ qaldırılması gündəmə gələ bilər. Digər tərəfdən də bu bir Geosiyasi mesajdır. Hücumun məqsədi yalnız bir mülki gəmi deyil, həm də Qara dənizdəki strateji balansı sarsıtmaq ola bilər. Bu, enerji və ticarət yollarının təhlükəsizliyinə yönəlmiş təzyiq kimi oxunur. Bir daha deyirəm, bu hadisə həm Azərbaycanın diplomatik reaksiyasını, həm də Türkiyə ilə strateji koordinasiyasını hər zaman olduğu kimi sıxlaşdıracaq. Eyni zamanda, Qara dənizdə mülki gəmilərin qorunması məsələsi beynəlxalq gündəmin ön sırasına çıxacaq".
Ayhan
14:30 15.07.2026
Oxunuş sayı: 56