BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır
2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində magistratura səviyyəsində “Siyasi coğrafiya” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
BDU-dan Crossmedia.az-a bildirilib ki, siyasi coğrafiya dövlətlərin siyasi-coğrafi mövqeyini, geosiyasi prosesləri, sərhəd məsələlərini, regional inkişafı və beynəlxalq münasibətlərin məkan aspektlərini öyrənən mühüm elmi istiqamətlərdən biridir. Müasir dövrdə qlobal və regional siyasi proseslərin dinamikası, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi çağırışların artması və dövlətlərarası əməkdaşlığın genişlənməsi bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “Siyasi coğrafiya” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.
Yeni ixtisaslaşma çərçivəsində magistrantlar geosiyasət, seçki coğrafiyası, limologiya (sərhədşünaslıq), siyasi regional tədqiqatlar və digər müasir istiqamətlər üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Onlar dünyanın siyasi xəritəsini təhlil etmək, beynəlxalq və regional prosesləri məkan baxımından qiymətləndirmək, analitik araşdırmalar aparmaq və müasir siyasi prosesləri elmi əsaslarla şərh etmək bacarıqları qazanacaqlar.
Tədris prosesində magistrantlara müasir geosiyasi yanaşmalar, siyasi təhlil metodları və beynəlxalq təcrübə əsasında elmi tədqiqat aparmaq, analitik hesabatlar hazırlamaq, müxtəlif layihələrdə iştirak etmək və peşəkar kompetensiyalarını inkişaf etdirmək imkanları yaradılacaq.
“Siyasi coğrafiya” ixtisaslaşmasının məzunları dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, beyin mərkəzləri, elmi-tədqiqat institutları, ali təhsil müəssisələrində peşəkar fəaliyyət göstərə biləcəklər.
Yeni ixtisaslaşma ölkədə geosiyasi araşdırmaların inkişafına, siyasi coğrafiya sahəsində elmi potensialın gücləndirilməsinə və müasir beynəlxalq çağırışları dərindən təhlil edə bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.
17:26 14.07.2026
Oxunuş sayı: 44