Slovakiya Prezidenti: Azərbaycan bu regionun mühüm dövlətlərindən biridir
Azərbaycan bu regionun mühüm dövlətlərindən biridir.
Crossmedia.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Slovakiya ilə Azərbaycan arasında tərəfdaşlığın yalnız formal xarakter daşımadığını, ölkələrimiz arasında sadəcə adi diplomatik münasibətlərin mövcud olmadığını, əksinə, həqiqətən dost dövlətlər olduğumuzu təsdiqləmək istəyirəm. Biz bir-birinə təklif edəcəyi çox şey olan dostlarıq və mövcud əla münasibətlərimizi konkret layihələrə və real əməkdaşlığa çeviririk. Şadam ki, nümayəndə heyətimin tərkibində Slovakiya hökumətinin nüfuzlu üzvləri də yer alırlar. Onlar bu gün və sabah azərbaycanlı həmkarları, hökumət üzvləri və nazirlərlə, cənab Prezident, Sizin də qeyd etdiyiniz sahələr üzrə konkret məsələləri müzakirə etmək imkanı əldə edəcəklər.
Mən, həmçinin, məmnunam ki, burada ölkələrimizin mərkəzi banklarının rəhbərləri və nazirləri də iştirak edirlər. Onların da müzakirə edəcəyi mühüm mövzular var.
Cənab Prezident, aramızda mövcud olan açıq və səmimi dialoqa, eləcə də göstərdiyiniz açıq münasibətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Məhz dost ölkələrin dövlət başçıları arasında münasibətlər belə qurulmalıdır.
Slovakiya praqmatik xarici siyasət yürüdür və dünyanın bütün bölgələrində tərəfdaşlara və dostlara malik olmaq istəyir. Mən çox şadam ki, Azərbaycan da həmin dost ölkələr sırasındadır.
Azərbaycan bu regionun mühüm dövlətlərindən biridir. O, sabitliyin və inkişafın təminatçısı olmaqla yanaşı, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas mərkəzlərindən biridir. Azərbaycan bu sahədə olduqca mühüm rol oynayır”, - Slovakiya Prezidenti qeyd edib.
11:08 14.07.2026
Oxunuş sayı: 47