Şuşa Forumu Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirəcək
Azərbaycanın ev sahibliyi etdiyi IV Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında diqqət çəkən mühüm platformalardan biri kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələri, ekspertlər və rəsmilərin iştirak etdiyi forumda regional və qlobal gündəmdə olan məsələlər geniş müzakirə olunub. Tədbirdə Prezident İlham Əliyevin çıxışı isə həm ölkənin xarici siyasət prioritetləri, həm də beynəlxalq münasibətlərə dair verdiyi mesajlarla xüsusi diqqət çəkib. Dövlət başçısı çıxışında sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunaraq Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirib. Eyni zamanda ölkənin hərbi-siyasi və iqtisadi gücü, beynəlxalq nüfuzu və regional proseslərdə oynadığı rol da çıxışın əsas istiqamətlərindən biri olub. Ekspertlər hesab edirlər ki, forum Azərbaycanın beynəlxalq informasiya siyasətinin gücləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov forumun əhəmiyyətini dəyərləndirib:
"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışının əsas ideyasını sülh və təhlükəsizlik məsələsi, qlobal sülhün təminində beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin, eləcə də medianın üzərinə düşən məsuliyyət təşkil edirdi. Dövlət başçısı regional və qlobal sülhün təmin olunmasında beynəlxalq əməkdaşlığın zəruriliyinə diqqət çəkdi, medianın bu məsələdəki aparıcı rolunu vurğuladı. Ən əsası isə Prezident İlham Əliyev bütün çıxışlarında olduğu kimi, IV Şuşa Qlobal Media Forumundakı çıxışında da Azərbaycanın xarici siyasət xətti haqqında aydın, birmənalı fikirlər səsləndirdi, konkret mövqe ortaya qoydu. İmperialist dövlətlərin zülmünə məruz qalan xalqların azadlığa qovuşmasının vacibliyini vurğulayan dövlət başçısı, Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıdığımızı, ölkəmizin beynəlxalq qanunlarla təsbit edilən hər bir hüquqa hörmətlə yanaşdığını bildirdi. Prezident İlham Əliyev öz çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan dünyanın hər yerində ədalət və həqiqətin tərəfdarıdır və bu istiqamətdə mübarizəsini bundan sonra da davam etdirəcək".

C.Xəlilov bildirib ki, IV Şuşa Qlobal Media Forumunda diqqət çəkən məqamlardan biri də Azərbaycanın əldə etdiyi hərbi-siyasi, eləcə də iqtisadi güc faktorunun regional və qlobal proseslərə təsiri ilə bağlı oldu: "Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan beynəlxalq ekspertlər tərəfindən "orta güc" kimi dəyərləndirilir. Doğrudan da, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın hərbi-iqtisadi baxımdan sürətli inkişafı, bütün regionda sülh və təhlükəsizliyin əsas qarantı qismində çıxış etməsi, dünyanın ən müxtəlif ölkələrində baş verən humanitar fəlakətlərə çevik reaksiya verməsi, beynəlxalq aləmdə siyasi nüfuzunun artması ölkəmizi "orta güc" kimi səciyyələndirməyə imkan verir. Bu yanaşma Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında necə böyük sürətlə tərəqqi etdiyini göstərir. IV Şuşa Qlobal Media Forumu Azərbaycana olan beynəlxalq marağı daha da artıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə, Azərbaycan həqiqətlərinin daha geniş miqyasda yayılmasına töhfə verəcək".
Zeynəb Həsən
10:35 14.07.2026
Oxunuş sayı: 61