Şuşadan verilən mesajlar regionun gələcəyini müəyyənləşdirir
Azərbaycanın ev sahibliyi etdiyi IV Şuşa Qlobal Media Forumu bu il də beynəlxalq medianın, ekspertlərin və rəsmi şəxslərin diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya gətirən forum təkcə informasiya mübadiləsi platforması deyil, həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa-quruculuq işlərinin, regional sülh gündəliyinin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin təqdim olunduğu mühüm müzakirə meydanıdır. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı da regional təhlükəsizlik, sülh prosesi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də yeni nəqliyyat-kommunikasiya layihələri baxımından xüsusi maraq doğurub.
Forumla bağlı fikirlərini Crossmedia.az-la paylaşan
politoloq Qabil Hüseynli qeyd edib ki, bu gün Şuşa şəhərində IV Şuşa Qlobal Media Forumu keçirilir: “Azərbaycan prezidenti bu forumda çox böyük məruzə ilə
çıxış edir. Prezidentin diqqətə çatdırdığı əsas məsələ sülh idi. Qeyd etməliyik
ki, Beş il əvvəl Vətən müharibəsində qazandığımız tarixi Zəfər Azərbaycanın
qarşısında tamamilə yeni inkişaf mərhələsi açdı. Həmin dövrdən etibarən azad
edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu
gün Azərbaycan həmin bölgələri təkcə yenidən qurmaqla kifayətlənmir, eyni
zamanda onları müasir inkişaf və əməkdaşlıq məkanına çevirməyə çalışır. Biz
bölgədə sülh və təhlükəsizlik mühitinin formalaşması üçün əlimizdən gələni
edirik. Bu istiqamətdə bizə ən böyük dəstəyi Birləşmiş Millətlər Təşkilatının
aidiyyəti qurumları və digər beynəlxalq tərəfdaşlar göstərirlər. Onların dəstəyi
ilə ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir və yaxın gələcəkdə
bu istiqamətdə daha böyük nəticələrin əldə olunacağı gözlənilir”.

Politoloq bütün bunların beynəlxalq ictimaiyyətin
bir hissəsinin bölgədə sülhün, sabitliyin və ədalətin bərqərar olması üçün səylərini
davam etddirmək məqsədi daşıdığını bildirib: “Qarşıdakı dövrdə də bu istiqamətdə
yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni nəqliyyat
və logistika dəhlizlərinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Bu
layihələrin reallaşması regionumuzu dünyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən
birinə çevirəcək. Bu gün artıq azad edilmiş ərazilərdə böyük inkişafın şahidi
oluruq. Şəhərlər və kəndlər yenidən qurulur, infrastruktur bərpa edilir, keçmiş
məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bölgədə həyat yenidən canlanır,
inkişaf və tərəqqi təmin olunur. Məhz buna görə də hər il Şuşada Qlobal Media
Forumu keçirilir. Məqsəd beynəlxalq media nümayəndələrinin bu dəyişiklikləri
yerində görməsi, onları dünya ictimaiyyətinə çatdırması və bölgədə gedən
proseslər barədə obyektiv təsəvvür formalaşdırmasıdır”.
Ayhan
20:50 13.07.2026
Oxunuş sayı: 69