ABŞ və İran yenidən qarşılıqlı zərbələr endirib
ABŞ və İran arasında gərginlik yenidən hərbi toqquşmalarla müşayiət olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Məlumata görə, ABŞ-nin zərbələri nəticəsində İranın Bəndər-Abbas, Kirmanşah, Keşm, Əhvaz və digər şəhərləri də daxil olmaqla ümumilikdə 13 yaşayış məntəqəsində partlayışlar qeydə alınıb. Zərbələr həmçinin Hörmüz boğazı ətrafındakı əraziləri də əhatə edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Prezident Donald Trampın göstərişi ilə İran ərazisində hava hücumundan müdafiə sistemləri, radarlar, raket buraxılış qurğuları və hərbi katerlər də daxil olmaqla onlarla hədəf vurulub.
Məlumata əsasən, İran cavab olaraq ABŞ-nin regiondakı bir neçə hərbi bazasına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib.
İddia olunur ki, İordaniyadakı ABŞ hərbi bazasında sursat anbarları və yanacaq çənləri zədələnib.
Bundan başqa, Bəhreyndə yerləşən Şeyx-İsa aviabazasında helikopterlərin texniki xidmət sahələri, ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzi və digər obyektlər, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazası hədəfə alınıb.
Həmçinin, Küveytdə Patriot hava hücumundan müdafiə sistemi, AN/FPS erkən xəbərdarlıq sistemi və bir neçə yanacaq anbarının vurulduğu iddia edilir.
Qeyd edək ki, bu məlumatlar "Sputnik Ermənistan" tərəfindən yayılıb və tərəflərdən bəziləri iddia olunan zərbələrin nəticələri ilə bağlı hələlik rəsmi təsdiq verməyib.
11:36 13.07.2026
Oxunuş sayı: 58