Vətəndaş Paşinyanı məhkəməyə verdi
Ermənistanda vətəndaş Lusine Avaqyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia Paşinyanın 11 iyun 2026-cı il tarixli mətbuat konfransında səsləndirdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının səslərin 100 faizini təbii yolla qazandığını, digər siyasi qüvvələrin isə səsləri seçicilərin satın alınması hesabına əldə etdiyini bildirməsi ilə bağlıdır.
Lusine Avaqyan məhkəmədən həmin bəyanatın ona münasibətdə həqiqətə uyğun olmadığının, şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyinin tanınmasını tələb edib. O bildirib ki, müxalif siyasi qüvvəyə səs verən vətəndaş kimi Paşinyanın açıqlaması onu rüşvət müqabilində səs vermiş şəxs kimi təqdim edir.
İddiada Paşinyandan məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü ərzində bütün Ermənistan KİV-ləri üçün əlçatan məkanda bəyanatını ictimai şəkildə təkzib etməsi, media nümayəndələrini isə tədbirdən ən azı 24 saat əvvəl məlumatlandırması tələb olunur.
İddiaçı həmçinin təkzib mətnində 11 iyun 2026-cı il tarixli mətbuat konfransında səsləndirilən “digər siyasi qüvvələr səsləri seçicilərin satın alınması yolu ilə əldə ediblər” ifadəsinin həqiqətə uyğun olmadığının və yalan məlumat olduğunun qeyd edilməsini istəyir. Bundan əlavə, həmin məlumatın onun başqa siyasi qüvvəyə səs verdiyi üçün rüşvət aldığı barədə təsəvvür yaratdığı və bunun da həqiqəti əks etdirmədiyi vurğulanmalıdır.
Avaqyan təkzibin baş nazirin açıqlamasını yaymış bütün KİV-lərdə dərc olunmasını, Paşinyanın isə onu “seçici satınalmasının iştirakçısı” kimi təqdim etdiyinə görə ictimai üzr istəməsini tələb edir.
Bununla yanaşı, iddiaçı böhtan və təhqirə görə Baş nazirdən 6 milyon dram məbləğində təzminat ödənilməsini də istəyib.
İş İrəvan şəhəri Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Naira Avetisyanın icraatına qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl arxiyepiskop Baqrat Qalstanyan da Nikol Paşinyana qarşı analoji iddia qaldıraraq onun barəsində yayılmış həqiqətə uyğun olmayan və nüfuzuna xələl gətirən məlumatların təkzib edilməsini tələb etmişdi.
19:28 12.07.2026
Oxunuş sayı: 59