Vitkoff və Kuşnerin İran danışıqlarının təfərrüatları açıqlanıb
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Qətərin paytaxtı Doha şəhərində İranın nüvə proqramı ilə bağlı müsbət danışıqlar aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg nəşri ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Qətərdə regional liderlərlə konstruktiv görüşlər keçiriblər. Bildirilir ki, İranla aparılan texniki danışıqlar da irəliləyir və tərəflər son hücumlardan sonra yaranmış gərginliyi azaltmağa çalışırlar. Həmin hücumlar onsuz da həssas olan atəşkəsi təhlükə altına qoymuşdu.
Məlumata əsasən, tərəflər arasında hələ də həllini tapmayan əsas məsələlər İranın milyardlarla dollar dəyərində dondurulmuş aktivlərinin azad edilməsi, eləcə də müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birinin keçdiyi boğazın gələcək idarə olunması ilə bağlıdır.
Qətər Xarici İşlər Nazirliyi də bildirib ki, ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Stiv Uitkoff və Cared Kuşnerlə görüş keçirib. Görüşdə ABŞ-İran danışıqlarının hazırkı vəziyyəti və regionda baş verən hadisələr müzakirə olunub.
Nazirliyin məlumatına görə, tərəflər həmçinin Livanda atəşkəs məsələsini də müzakirə ediblər.
09:32 01.07.2026
Oxunuş sayı: 54