Türk birliyinin möhkəmlənməsində Azərbaycan xüsusi rol oynayır
Bu il Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər bir çox mühüm məqamlarla yadda qaldı. Belə ki, tədbirlərdə müxtəlif türk dövlətlərinin nümayəndələri iştirak edərək dövlətlər arasında iqtisadi, siyasi, elmi və mədəni əməkdaşlığın inkişaf perspektivlərini geniş şəkildə müzakirə etdilər və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər. Bu tədbirlərdə diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın bütün bu proseslərin mərkəzində yer alması və türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsində aparıcı rol oynaması idi. Son günlər Azərbaycanda keçirilən Türk Dünyası Həftəsi də Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinin mühüm hissəsidir. Bu tədbirin də məhz Azərbaycanda keçirilməsi bir daha göstərir ki, ölkəmiz bu gün Türk dünyasında mühüm siyasi, mədəni və elmi mövqeyə malikdir, türk dövlətləri arasında əməkdaşlığın və birliyin möhkəmləndirilməsində əsas təşəbbüskar ölkələrdən biri kimi çıxış edir.
Mövzu
ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər.
Vətəndaş
Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıqlamasında qeyd edib ki, Türkoloji
Qurultayının 100 illiyi və Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş tədbirlər
olduqca möhtəşəm təşkil edildi: “İlk olaraq Heydər Əliyev Mərkəzində keçirilən
açılış mərasimi xüsusi təəssürat yaratdı. Tədbirdə Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin nümayəndələri iştirak edir, bütün türk dövlətlərindən ünvanlanan
təbrik mesajları səsləndirilirdi. Mənim müşahidəmə görə, nadir hallarda türk
dövlətlərinin nümayəndələri bu qədər geniş tərkibdə bir araya gələrək belə səmimi
təbrik və xoş arzularını ifadə edirlər. Açılış mərasimi Türk dünyasının zəngin
mədəniyyətini, tarixini və böyüklüyünü nümayiş etdirən möhtəşəm bədii proqramla
yadda qaldı. Milli rəqslər, musiqi nömrələri və müxtəlif səhnə kompozisiyaları
təqdim olundu. Həqiqətən də bu tədbir öz mahiyyəti etibarilə əsl Türk dünyası
bayramı idi. Bu tədbirlərin davamı olaraq Azərbaycan Milli Elmlər
Akademiyasının təşkilatçılığı ilə 1926-cı ildə keçirilmiş Birinci Türkoloji
Qurultayın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi. Tədbir
akademiyanın Rəyasət Heyətinin və İsmailiyyə binasının ev sahibliyi ilə baş
tutdu və burada da türk dövlətlərindən nümayəndə heyətləri iştirak edirdi. Konfransda
türk dövlətlərinin mədəniyyət nazirləri, elm və akademiya rəhbərləri çıxış
etdilər. Azərbaycanın mədəniyyət naziri, Azərbaycan Milli Elmlər Akademiyasının
rəhbərliyi və digər rəsmi şəxslərin çıxışlarında Türk Dövlətləri Təşkilatının
inkişafı, türk xalqları arasında elmi və mədəni əməkdaşlığın gücləndirilməsi, həmçinin
Türkoloji Qurultayın tarixi əhəmiyyəti xüsusi vurğulandı”.

S.Rüstəmxanlı bildirib ki, çıxışlarda 100 il əvvəl keçirilən Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi düşüncəsinin formalaşmasında mühüm rol oynadığı qeyd edildi: “Eyni zamanda, sonradan repressiyalara məruz qalan və həyatlarını bu ideallara qurban verən görkəmli alimlərin xatirəsi ehtiramla yad edildi. Bildirildi ki, onların irsi bu gün də Türk dünyasının gələcəyinə işıq tutur. Bütün bu tədbirlər göstərir ki, artıq Türk dünyasının müxtəlif sahələrdə inteqrasiyası yeni mərhələyə qədəm qoyub. Türk dövlətlərinin siyasi, mədəni və elmi qurumlarının bir araya gəlməsi, Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə qeyd olunması bir daha sübut edir ki, Türk birliyinin əhəmiyyəti getdikcə daha dərindən dərk olunur və bu birliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır. Azərbaycan bu prosesdə xüsusi rol oynayır. Çünki Azərbaycan üçün Türk dünyası yalnız əməkdaşlıq məkanı deyil, həm də ortaq tarixin, mədəniyyətin və gələcəyin ayrılmaz hissəsidir. Ölkəmizin bu istiqamətdə nümayiş etdirdiyi mövqe Türk dünyasında gedən inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilə bilər”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli
Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, bu tədbirin çox böyük əhəmiyyəti
var: “Qardaş ölkələr bir araya gələrək
çoxşaxəli əməkdaşlığın inkişafı istiqamətində ciddi müzakirələr aparırlar. Bu əməkdaşlıq
iqtisadiyyat, təhsil, humanitar sahə, mədəniyyət, enerji və digər mühüm istiqamətləri
əhatə edir. Bununla yanaşı, xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan bu
prosesdə öz tarixi missiyasını həyata keçirir. "Turan" sözü Azərbaycanda yaranıb və bu ideya Azərbaycan üçün
xüsusi məna daşıyır. Bu ideyanın formalaşması, yaşadılması və inkişaf
etdirilməsində ölkəmizin böyük rolu var. Azərbaycan qardaş ölkələri bir araya gətirməklə,
onların əməkdaşlığını daha da genişləndirməklə Avropa ilə Asiya arasında yeni əməkdaşlıq
sisteminin formalaşmasına mühüm töhfə verir. Bu istiqamətdə Azərbaycan ən fəal
ölkələrdən biridir. Mənə elə gəlir ki, Azərbaycan bu gün öz tarixi missiyasını
uğurla həyata keçirir və bu istiqamətdə əldə olunan nailiyyətlər də məhz bu məqsədə
xidmət edir”.
Ayhan
15:10 30.06.2026
Oxunuş sayı: 76