Dünya bazarında neftin uzunmüddətli ucuzlaşması Azərbaycanın gəlirlərini azalda bilər
Son günlər dünya enerji bazarlarında neftin qiymətində eniş tendensiyası müşahidə olunur. “Brent” markalı neftin bir barelinin qiyməti 76 dollar, WTI markalı neft isə 72 dollar səviyyəsinə qədər geriləyib. Mütəxəssislər bildirirlər ki, qlobal bazarlardakı bu dəyişiklik neft ixrac edən ölkələrin büdcə gəlirlərinə və iqtisadi göstəricilərinə birbaşa təsir göstərə bilər. Qiymətlərin gələcək istiqaməti isə həm enerji bazarının iştirakçıları, həm də neftdən asılı iqtisadiyyatlar üçün xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neft qiymətlərinin azalması Azərbaycan üçün ilk növbədə ixrac gəlirlərinə və dövlət büdcəsinə təsir edə bilər.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun mühüm paya malik olması səbəbindən qiymətlərin uzun müddət aşağı səviyyədə qalması dövlət gəlirlərinin azalmasına gətirib çıxara bilər: "Bu isə büdcə daxilolmalarına və bəzi investisiya layihələrinin maliyyələşdirilməsinə müəyyən təsir göstərə bilər. Lakin qısamüddətli və məhdud qiymət enişləri adətən ciddi risk yaratmır. Əsas məsələ neftin hansı səviyyədə və nə qədər müddət ərzində ucuzlaşmasıdır. Qiymətlərin enməsi davamlı xarakter alarsa, Dövlət Neft Fonduna daxilolmaların həcmi və neft ixracından əldə olunan gəlirlər azala bilər. Daxili yanacaq qiymətlərinə gəldikdə isə, Azərbaycanda yanacaq qiymətləri birbaşa dünya bazarındakı gündəlik dəyişikliklərə bağlı deyil və dövlət tənzimlənməsi ilə müəyyən edilir. Buna görə də dünya bazarında neftin ucuzlaşması qısamüddətli dövrdə benzin və dizel qiymətlərinin avtomatik şəkildə enməsi demək deyil".
A.Nəsirli vurğulayıb ki, uzun müddət aşağı neft qiymətlərinin davam etməsi gələcək qiymət siyasətinin formalaşdırılmasında nəzərə alına bilər: "Ümumilikdə, hazırkı eniş tendensiyası qısa müddətdə Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yaratmasa da, qiymətlərin uzun müddət aşağı səviyyədə qalması neft gəlirlərinə, büdcə imkanlarına və iqtisadi artım tempinə müəyyən mənfi təsir göstərə bilər".
Zeynəb Həsən
14:45 24.06.2026
Oxunuş sayı: 65