İran ABŞ-la sülh imzalayacaq?
Yaxın Şərqin geosiyasi xəritəsində İran və Birləşmiş Ştatlar arasındakı münasibətlər sadəcə iki dövlətin rəqabəti deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının ən kövrək nöqtəsidir. Bu münasibətlərin düyünə düşdüyü ən strateji məqam isə tərəflər arasında illərdir bərpa oluna bilməyən etimad krizisidir. Diplomatik masada əldə olunan hər hansı bir razılaşmanın ömrü, tərəflərin bir-birinə qarşı olan şübhə dolu baxışları və regional oyunçuların müdaxiləsi ilə birbaşa mütənasibdir.

Məsələ ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlama verib:
"İranla Birləşmiş Ştatlar arasındakı danışıqlar prosesi ilə bağlı əsas problemlərdən biri də etimad mühitidir. İranla Birləşmiş Ştatlar arasında danışıqlar aparılarkən İran iki dəfə hücuma məruz qalıb: bir ayda 12 günlük savaş, eyni zamanda son hərb zamanı İran rəhbərliyinin öldürülməsi məhz danışıqlar prosesinin gedişi zamanı baş verib. Buna görə də İran bu arqumentlərdən danışıqlar prosesi zamanı istifadə etməyə çalışır. Yəni xüsusilə dünya ictimaiyyətinə ötürülən mesaj həm də bununla bağlıdır. İran bununla bağlı beynəlxalq qarantiya tələb edir ki, Birləşmiş Ştatlarla hər hansı bir razılaşmadan sonra ABŞ İrana hücum etməyəcəyinə dair öhdəlik götürsün"
Ekspert onu da qeyd edib ki, bu məsələ İsrail dövlətinin rolu da xüsusi əhəmiyyət daşıyır: "Hesab edirəm ki, bu, çox ciddi problemdir və bəlli məsələdir ki, bu proseslərdə başlıca rolu İsrail oynayır. Çünki İsrail, faktiki olaraq, İranın regionda güclənməsindən kifayət qədər narahatdır və bunu öz milli təhlükəsizliyinə, yəni genişlənmə siyasətinə təhdid hesab edir. Ona görə də Birləşmiş Ştatların İsrail tərəfindən prosesə cəlb edilməsinin kökündə İranda növbəti bir Suriya yaratmaq, xaosa rəvac vermək və beləliklə də regionun növbəti təhdidlərlə üz-üzə qalmasını təmin etmək dayanırdı. Bu kontekstdə dəyərləndirsək, təbii ki, o zaman İranla Birləşmiş Ştatlar arasında danışıqlar prosesi ilə bağlı etimad mühitinin yaranması kifayət qədər çətin olacaq. Əlbəttə, bir sıra ziddiyyətli məqamlar var; hər iki tərəf maksimalist mövqedədir və geri çəkilmək niyyətində deyil. Bu, mürəkkəb bir proses yaratsa da, hesab edirəm ki, hələlik heç bir nəticə verməyib və tərəflər öz maksimalist mövqelərində qalıblar. Eyni zamanda bölgədə gərgin və qeyri-müəyyən vəziyyətin davam etməsi növbəti eskalasiya risklərini də yaradır. Təbii ki, Birləşmiş Ştatlar hökumətinin prosesdən uğurlu çıxmaq istəyi var. Bunun üçün diplomatik masada İranı maksimum güzəştlərə getməyə məcbur etmək məqsədilə təzyiqlər edilir. Amma təbii ki, İran da həm Birləşmiş Ştatlar daxilindəki vəziyyəti, həm də ABŞ-yə qarşı qlobal təzyiqləri nəzərə alaraq siyasətini bu istiqamətdə qurur. Hesab edirəm ki, yaxın perspektiv üçün razılaşma ehtimalı azdır".
Turqut Ansari
19:07 04.05.2026
Oxunuş sayı: 46