Başqa yol yoxdur: ABŞ və İran arasında müharibə bərpa olunacaq
Hörmüz Boğazı ətrafında yaranan gərginlik və mümkün blokada ilə bağlı müzakirələr beynəlxalq enerji bazarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Son dövrdə ABŞ və İran arasında səslənən qarşılıqlı bəyanatlar vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Xüsusilə dəniz nəqliyyatı və neft tankerlərinin hərəkəti ilə bağlı ehtimal olunan məhdudiyyətlər narahatlıq doğurur.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan professor, siyasi elmlər doktoru Sabir Məmmədli İslamabadda aparılan danışıqların heç bir nəticə vermədiyini və gərginliyi əksinə daha da artırdığını qeyd edib: "ABŞ prezidenti Donald Tramp bəyanat verib ki, Hörmüz Boğazı və həmin ərazilərdə İran gəmilərinin hərəkətini məhdudlaşdıracaq, dəniz blokadasına başlayacaq. Belə olduqda vəziyyət kifayət qədər ciddiləşir. Trampın bəyanatına görə, ümumiyyətlə Körfəzə giriş-çıxış məhdudlaşdırılacaq. Amma burada çox ciddi, böyük bir problem yaranır. Əgər çöl tərəfdə ABŞ gəmiləri İran gəmilərinin hərəkətinə imkan verməyəcək, daxildə isə İranlılar – SEPAH qüvvələri də neft tankerlərinin hərəkətinə imkan verməyəcəksə, bu zaman faktiki olaraq amerikalılar iranlılarla eyni nəticəni əldə edəcəklər. Yəni faktiki olaraq bütün tankerlərin, gəmilərin hərəkəti həmin ərazidə məhdudlaşdırılacaq. Bu nə dərəcədə müsbət nəticə verəcək?"
O, hesab edir ki, bu, böyük bir problem olacaq: "Çünki indiki vəziyyətdə dünya ictimaiyyəti və dövlətlər, istər region ölkələri olsun, istər Avropa dövlətləri olsun, çalışırlar ki, ümumiyyətlə Hörmüz Boğazı indiyə qədər olduğu kimi sərbəst olsun, tankerlər sərbəsthərəkət etsin, iranlılar o tankerlərdən rüsum götürməsinlər. Üstəlik iranlılar o rüsumun miqdarını kifayət qədər böyük qoyurlar. Hər barelə bir dollar qoyurlar. Bir tankerə bəzən iki milyon bareldən artıq neft yüklənir. Belə anlaşılır ki, bir tanker o rüsuma görə İran tərəfinə iki milyon vəsait ödəməlidir. Bu isə ağlabatan deyil və heç bir dövləti qane etməyəcək. Amerikalılar da buna qarşı çıxış edirlər. Hərçənd Tramp bir müddət əvvəl iranlılarla birgə belə bir konsorsium yaradıla biləcəyini və o gəmilərin hərəkətindən əldə edilən vəsaitin İranın bərpasına istifadə oluna biləcəyini demişdi. Bunların hamısı baş tutmasa da, real fakt budur ki, ABŞ Oman Körfəzini bağlamaq istəyir, İran da Hörmüz Boğazını bağlamaq istəyir. Belə çıxır ki, iki tərəfdən də Körfəz bloklanır, gəmilərin hərəkətinə imkan verilmir. Bu mənada dünya iqtisadiyyatına böyük zərbə dəyəcək. İlk növbədə Çin, Hindistan və Avropa ölkələrinə daşınan neft məhsulları ciddi problemlər yaradacaq".
S.Məmmədli vurğulayıb ki, belə olan halda müharibənin qaçılmaz olduğu ehtimal edilir, çıxış yolu görünmür: "Nə qədər ki, İran rəhbərliyində SEPAH hərbi xuntası dominantlıq edir, yəni hakimiyyəti istədiyi kimi idarə etməyə çalışır, prezident Məsud Pezeşkiana da imkan vermir ki, müəyyən yumşalma olsun və amerikalılarla sərt ritorikadan geri çəkilsinlər, problemlər davam edəcək. Düşünürəm ki, bu məsələ həll olunmamış qalacaq".
Fatimə Məmmədova
19:20 13.04.2026
Oxunuş sayı: 73