ADA Universitetində xaricdə təhsil alan məzunlar üçün karyera sərgisi keçirilib
Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə ADA Universitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" məzunları üçün "Qlobal təhsildən milli inkişafa" adlı karyera sərgisi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, eləcə də tələbələr iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb:
"Xaricdə təhsilə dair Dövlət Proqramı Azərbaycanda rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə ölkənin gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur".
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev də, öz növbəsində, Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb.
Rəsmi hissənin ardınca karyera sərgisi açıq elan olunub.
Sərgidə 40-dan çox nüfuzlu dövlət və özəl qurumu təmsil olunub. Məzunlar birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir. (Report)
12:19 28.02.2026
Oxunuş sayı: 496