Dövlət informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları artır - QARŞISINI NECƏ ALMAQ LAZIMDIR?
Rəqəmsal transformasiyanın dərinləşdiyi müasir dövrdə dövlət qurumlarının informasiya resurslarının təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. Elektron xidmətlərin genişlənməsi ilə paralel olaraq kiber risklərin də artması, informasiya sistemlərinin davamlı monitorinqini və mütəmadi təhlükəsizlik qiymətləndirilməsini zəruri edir. Son statistik göstəricilər isə bu sahədə risklərin hələ də aktuallığını qoruduğunu və müdafiə mexanizmlərinin daha da gücləndirilməsinə ehtiyac olduğunu nümayiş etdirir.

Məsələ ilə bağlı İKT üzrə mütəxəssis Elvin Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Dövlət informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqlarının sayındakı kəskin artım ölkədə həyata keçirilən kütləvi rəqəmsallaşma dalğası və "hücum səthi"nin genişlənməsi ilə birbaşa bağlıdır. Daha çox dövlət xidmətinin onlayn platformalara daşınması və fərqli sistemlərin bir-birinə inteqrasiyası təbii olaraq texniki zəiflik nöqtələrinin sayını artırır. Lakin 2025-ci ildə müşahidə olunan 47,5%-lik artımı həm də dövlətin kiber-audit imkanlarının və aşkarlama qabiliyyətinin yüksəlməsi kimi qiymətləndirmək lazımdır; yeni nəsil skanlama sistemləri keçmişdə gizli qalan boşluqları daha effektiv şəkildə üzə çıxarır".
Onun fikrincə, bu statistika sistemlərin zəifləməsindən ziyadə, rəqəmsal nəzarət filtrlərinin daha sıx işlədiyini və kiber-gigiyena standartlarının sərtləşdiyini göstərir: "Boşluqların kənar müdaxilədən öncə daxili monitorinqlər vasitəsilə tapılması ən mühüm preventiv müdafiə addımıdır və bu, gələcəkdə baş verə biləcək uğurlu kiber-hücum risklərini minimuma endirir. Beləliklə, aşkarlanan boşluq sayının artması dövlət sistemlərinin "immun sisteminin" daha həssas və aktiv fəaliyyət göstərməsinin göstəricisidir".
Elmir Heydərli
14:14 16.02.2026
Oxunuş sayı: 603